30 iyun 2026 16:05
111

Hər beynəlxalq yarış mənə yeni təcrübə qazandırır - MÜSAHİBƏ

Zəhra Salmanlı: Mənim üçün həm qələbələr, həm də məğlubiyyətlər gələcək uğurlar üçün bir dərsdir

İdman bəzən yalnız yarış meydanında qazanılan qələbələrdən ibarət olmur. Əsl qələbə insanın həyatın qarşısına çıxardığı çətinlikləri iradəsi, əzmi və inamı ilə dəf etməsindədir. Məhz paralimpiya idmançıları hər gün bu həqiqəti öz həyatları və uğurları ilə təsdiqləyirlər. Onlar yalnız medallar uğrunda mübarizə aparmır, eyni zamanda cəmiyyətə göstərirlər ki, əzmkarlıq, məqsədyönlülük və zəhmət insanın qarşısında heç bir maneə tanımır. Son illərdə Azərbaycan paralimpiya hərəkatı beynəlxalq arenada qazandığı mühüm nailiyyətlərlə diqqət mərkəzindədir. Bu uğurların arxasında isə böyük zəhmət, illərlə davam edən hazırlıq prosesi və ölkəsini layiqincə təmsil etmək məsuliyyətini daşıyan idmançılar dayanır. Onların hər biri yalnız idmançı deyil, həm də cəmiyyət üçün güclü iradənin, mübarizə əzminin və vətənpərvərliyin canlı nümunəsidir.

Belə idmançılardan biri də SH-6 kateqoriyası üzrə Azərbaycan milli parabadminton komandasının üzvü Zəhra Salmanlıdır. Qısa müddət ərzində əldə etdiyi nailiyyətlərlə diqqət çəkən gənc idmançı qarşısına daha böyük hədəflər qoyaraq beynəlxalq arenada Azərbaycan bayrağını yüksəltmək üçün əzmlə çalışır. Onunla söhbətimizdə parabadmintona gəliş yolundan, bu idman növünün həyatına qazandırdığı dəyərlərdən, beynəlxalq yarışlarda ölkəmizi təmsil etməyin məsuliyyətindən, paralimpiya idmanının inkişaf perspektivlərindən və gələcək planlarından danışdıq.

-Özünüzü oxucularımıza qısa təqdim edərdiniz. Paralimpiya idmanına gəlişiniz necə başladı və bu yolda sizə ən böyük motivasiyanı nə verdi?

-Mən, Zəhra Salmanlı, SH-6 kateqoriyası üzrə Azərbaycan milli parabadminton komandasının üzvüyəm. Parabadminton komandasının yaradıldığını anamın rəfiqəsinin badminton üzrə Azərbaycan milli komandasının üzvü olan övladları vasitəsilə öyrəndim və beləliklə bu idman növünə başladım. Onu da qeyd edim ki, futbolçu Azər Salahlı bizə çox yaxın qohumdur. Onun uğurları mənim idmana gəlməyimdə böyük motivasiya olub. Azərbaycanın milli komandasında çıxış etməsi və İslam Həmrəyliyi Oyunlarında ölkəmizin bayrağını yüksəltməsi məni idmana daha da həvəsləndirdi.

-Paralimpiya idmanı sizə yalnız idmançı kimi deyil, insan kimi hansı dəyərləri və həyat dərslərini qazandırıb?

-Bu idman növü mənə özümə inanmağı, qarşıma çıxan çətinliklərdən qorxmamağı və heç vaxt təslim olmamağı öyrədib.

Dünyanın ən güclü idmançıları ilə mübarizə
aparmaq insanı daha da inkişaf etdirir

-Karyeranız ərzində sizi ən çox formalaşdıran yarış və ya həyat təcrübəsi hansı olub? Həmin təcrübə baxışlarınıza necə təsir edib?

-Hər beynəlxalq yarış mənə yeni təcrübə qazandırır. Dünyanın ən güclü idmançıları ilə mübarizə aparmaq insanı daha da inkişaf etdirir. Mənim üçün həm qələbələr, həm də məğlubiyyətlər gələcək uğurlar üçün bir dərsdir.

-Beynəlxalq arenada Azərbaycanı təmsil etmək sizə hansı məsuliyyəti hiss etdirir? Yarış öncəsi və yarış zamanı bu məsuliyyəti necə idarə edirsiniz?

-Beynəlxalq arenada Azərbaycanı təmsil etmək mənim üçün böyük qürur hissidir. Yarışdan əvvəl həyəcan keçirsəm də, korta çıxanda bütün diqqətimi oyuna yönəldirəm. Məqsədim hər zaman əlimdən gələnin ən yaxşısını etməkdir.

-Paralimpiya idmançıları bəzən yalnız rəqiblərlə deyil, cəmiyyətdə mövcud stereotiplərlə də mübarizə aparırlar. Siz bu barədə nə düşünürsünüz?

-Bəli, təəssüf ki, bununla qarşılaşan idmançılarımız çoxdur. İnsanların kənardan baxışları və yanlış yanaşmaları bəzən idmançıları psixoloji cəhətdən çətin vəziyyətə sala bilir.

-Yüksək nəticə əldə etmək üçün fiziki hazırlıqla yanaşı, psixoloji dayanıqlılığın rolu nə dərəcədə vacibdir? Siz bu balansı necə qoruyursunuz?

-Psixoloji hazırlıq çox vacibdir. Oyun zamanı bir xal geri düşəndə ruhdan düşməmək, növbəti xala fokuslanmaq lazımdır. Düzdür, bunları desəm də, bəzən oyunda hesabda xeyli geri düşəndə mən də stress keçirirəm. Amma bunun öhdəsindən gəlmək üçün daim öz üzərimdə işləyirəm.

-Son illərdə Azərbaycanda paralimpiya hərəkatının inkişafını necə qiymətləndirirsiniz? Sizcə, bu sahədə daha hansı addımlar atılmalıdır?

-Son illərdə bu sahədə ciddi inkişaf hiss olunur və idmançılar üçün daha çox imkan yaradılır. Düşünürəm ki, gələcəkdə bölgələrdə də daha çox paraidman bölmələri açılmalı, uşaqlar bu idman növləri ilə daha erkən yaşlardan tanış olmalıdırlar.

-Gənc paralimpiyaçıların yetişməsi üçün hansı imkanların artırılmasını vacib hesab edirsiniz? Onlara ən böyük tövsiyəniz nə olardı?

-İdmançılar üçün təlim-məşq toplanışlarının davamlı təşkili, beynəlxalq yarışlarda daha çox iştirak imkanının yaradılması və maliyyə dəstəyinin artırılması paraidmanın inkişafına böyük töhfə verə bilər.

-Qarşıdakı beynəlxalq yarışlar və uzunmüddətli idman hədəfləriniz barədə nə deyə bilərsiniz? Özünüz üçün hansı zirvələri fəth etməyi qarşıya məqsəd qoymusunuz?

-Ən böyük məqsədim qarşıdakı beynəlxalq yarışlarda ölkəmə medallar qazandırmaq və 2028-ci il Yay Paralimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil etməkdir.

-Sonda fiziki məhdudiyyətli şəxslərə və həyatın müxtəlif çətinlikləri ilə üzləşən insanlara vermək istədiyiniz ən vacib mesaj nə olardı?

-Heç vaxt cəmiyyətdən uzaqlaşmayın. Gəlin, paralimpiya ailəsinə qoşulun və özünüzə uyğun bir idman növü seçin. İdman həm sağlamlığınız, həm də cəmiyyətə daha fəal inteqrasiya olmağınız üçün böyük imkan yaradır. İnanın ki, ilk addımı atdıqdan sonra həyatınızın necə dəyişdiyini özünüz görəcəksiniz…

Zəhra Salmanlının fikirləri bir daha təsdiq edir ki, paralimpiya idmanı yalnız fiziki hazırlıq və idman nəticələri ilə ölçülmür. Bu sahə insanın daxili gücünü, iradəsini, həyata bağlılığını və qarşısına qoyduğu məqsədlərə doğru inamla addımlamaq bacarığını formalaşdıran böyük bir həyat məktəbidir. Hər bir uğurun arxasında uzun illərin zəhməti, yorulmadan davam edən məşqlər, qətiyyət və ölkəsini layiqincə təmsil etmək arzusu dayanır.

Zəhra Salmanlı da bu dəyərləri öz fəaliyyəti ilə nümayiş etdirən gənc idmançılardandır. Onun 2028-ci il Yay Paralimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil etmək arzusu, ölkəmizə yeni medallar qazandırmaq əzmi və fiziki məhdudiyyətli insanları idmana təşviq edən çağırışları gələcəyə böyük ümidlər yaradır.

İnanırıq ki, qarşıdakı beynəlxalq yarışlarda əldə edəcəyi uğurlar həm onun idman karyerasında yeni səhifələr açacaq, həm də Azərbaycan paralimpiya hərəkatının daha da inkişafına mühüm töhfə verəcək. Çünki belə idmançılar yalnız qələbələri ilə deyil, həyat hekayələri, mübarizə ruhu və cəmiyyətə verdikləri güclü mesajlarla da insanlara ilham mənbəyinə çevrilirlər.

Yaqut Ağaşahqızı, "İki sahil"