Təhsil alan, özünü inkişaf etdirən qadın gələcəkdə həm ailəsinə, həm cəmiyyətə, həm də ölkənin inkişafına töhfə verir
Qızların təhsilinə göstərilən dəstək yalnız ayrı-ayrı gənclərin deyil, bütövlükdə cəmiyyətin inkişafına xidmət edən ən mühüm investisiyalardan biridir. Bu istiqamətdə həyata keçirilən "Qızların təhsilinə dəstək" layihəsi yüzlərlə gənc qızın ali təhsil imkanlarını genişləndirib, onların şəxsi və peşəkar inkişafına, liderlik bacarıqlarının formalaşmasına, gələcəyə daha inamla addımlamasına mühüm töhfə verib. Layihənin məzunları bu gün qazandıqları bilik, bacarıq və uğurları ilə onun cəmiyyət üçün yaratdığı real dəyərin ən parlaq nümunələridir.
Bu dəfə həmsöhbətimiz Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə SABAH qruplarının məzunu, "Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək" təqaüd proqramının məzunu Aysu Ayazdır. O, müsahibəsində layihənin həyatında yaratdığı mühüm dəyişikliklərdən, qazandığı təcrübə və imkanlardan, gələcək hədəflərindən, eləcə də təhsilin gənc qadınların inkişafındakı əvəzsiz rolundan bəhs edir.

- İlk növbədə, özünüzü oxucularımıza təqdim edərdiniz. Hansı universitet və ixtisas üzrə təhsil almısınız? Bu gün peşəkar fəaliyyətiniz və ya gələcək planlarınız hansı istiqamətdə davam edir?
- Mən Aysu Ayaz, Bakı Dövlət Universitetinin Sabah Qruplarının hüquqşünaslıq ixtisası üzrə ali təhsil almış gənc hüquqşünasam. Bu il məzun olmuşam. Tələbəlik illərimdə akademik fəaliyyətlə yanaşı, müxtəlif hüquqi layihələrdə, tədqiqatlarda və ictimai təşəbbüslərdə fəal iştirak etmişəm. Hazırda hüquq sahəsində peşəkar fəaliyyətimi davam etdirir, xüsusilə korporativ hüquq sahəsində inkişaf etməyə çalışıram. Gələcəkdə həm praktik hüquqşünas, həm də elmi fəaliyyətlə məşğul olan bir hüquq mütəxəssisi kimi ölkəmizin hüquq sisteminə töhfə verməyi qarşıma məqsəd qoymuşam.
- “Qızların təhsilinə dəstək” layihəsinə qoşulduğunuz dövrü xatırlayanda ilk olaraq nələr yada düşür? Bu layihə sizin həyatınızda hansı yeni səhifənin başlanğıcı oldu?
- Layihəyə qəbul olunduğum günü böyük sevinc və məsuliyyət hissi ilə xatırlayıram. Bu proqram mənim üçün sadəcə təqaüd dəstəyi deyil, inkişaf imkanları təqdim edən böyük bir platforma oldu. Burada qazandığım biliklər, yeni insanlarla tanışlıq və müxtəlif təlimlər mənim dünyagörüşümü genişləndirdi. Əminliklə deyə bilərəm ki, bu proqram tələbəlik həyatımın dönüş nöqtələrindən biri olub. Layihə mənim özümə olan inamımı daha da artırdı və peşəkar inkişafım üçün yeni perspektivlər yaratdı.
- Layihə çərçivəsində qazandığınız biliklər, mentorluq dəstəyi və yaradılan imkanlar şəxsi inkişafınıza və peşəkar formalaşmanıza necə təsir göstərdi?
- Layihə çərçivəsində təşkil olunan təlimlər və mentorluq proqramları mənə yalnız nəzəri bilik deyil, həm də praktik düşüncə tərzi qazandırdı. Vaxtın idarə olunması, effektiv ünsiyyət, şəxsi brendin formalaşdırılması və liderlik kimi bacarıqlarımı inkişaf etdirdim. Bu təcrübələr peşəkar fəaliyyətimdə daha inamlı qərarlar verməyimə və gələcəyimi daha aydın planlaşdırmağıma kömək etdi. Ən böyük dəyişiklik özümə olan inamın daha da möhkəmlənməsi oldu. Daha rahat ünsiyyət qurmağa, fikirlərimi sərbəst ifadə etməyə başladım. Layihə məni həm peşəkar, həm də şəxsiyyət olaraq inkişaf etdirdi.
- Layihə çərçivəsində tanış olduğunuz insanlar, mentorlar və digər iştirakçılar həyatınıza hansı müsbət təsiri göstəriblər? Bu əlaqələrin gələcəyinizdə də rol oynayacağına inanırsınızmı?
- Əlbəttə. Layihə mənə dəyərli dostluqlar və peşəkar əlaqələr qazandırdı. Mentorlarımızın təcrübəsi və tövsiyələri mənim inkişafımda mühüm rol oynadı. İnanıram ki, bu əlaqələr gələcək peşəkar fəaliyyətimdə də mənə dəstək olacaq.

- Sizcə, “Qızların təhsilinə dəstək” kimi təşəbbüslər ölkədə qızların ali təhsilə çıxışı və cəmiyyətdə daha fəal mövqe tutması baxımından hansı əhəmiyyəti daşıyır?
- Bu cür layihələr qızların potensialına verilən ən dəyərli investisiyadır. Təhsil alan, özünü inkişaf etdirən qadın gələcəkdə həm ailəsinə, həm cəmiyyətə, həm də ölkənin inkişafına töhfə verir. Belə təşəbbüslər qızların özlərinə inamını artırır və onlara imkanların hər kəs üçün əlçatan olduğunu göstərir.
- Layihəyə qoşulmaq istəyən və ya hazırda bu proqramda iştirak edən qızlara hansı tövsiyələri vermək istərdiniz? Onlar bu imkandan necə maksimum faydalana bilərlər?
- Onlara tövsiyəm odur ki, layihəyə sadəcə təqaüd proqramı kimi baxmasınlar. Hər təlimdə, hər görüşdə, hər tədbirdə fəal iştirak etsinlər, mentorlardan öyrənsinlər, suallar versinlər və yeni əlaqələr qursunlar. Bu imkanlardan maksimum yararlanmaq gələcək uğurların təməlini qoyur.
- Sizcə, uğurlu qadının formalaşmasında təhsil hansı rolu oynayır? Bu barədə şəxsi təcrübəniz sizə nə öyrədib?
- Mənim fikrimcə, təhsil uğurlu qadının həyatında ən möhkəm təməldir. Təhsil yalnız peşə sahibi olmaq demək deyil; o, insanın düşüncə tərzini formalaşdırır, düzgün qərarlar qəbul etməyi, hüquqlarını bilməyi və cəmiyyət qarşısında məsuliyyət hissi daşımağı öyrədir. Təhsilli qadın yalnız öz həyatını deyil, ailəsinin, ətrafının və bütövlükdə cəmiyyətin inkişafına müsbət təsir göstərir.
- Gələcəkdə cəmiyyətə, xüsusilə də digər gənc qızlara hansı töhfəni verməyi arzulayırsınız? Sizin uğur hekayəniz başqalarına necə ilham ola bilər?
- Gələcəkdə hüquq sahəsində qazandığım bilik və təcrübəni cəmiyyətin inkişafı naminə istifadə etməyi, xüsusilə də gənclərin və qızların hüquqi maarifləndirilməsi istiqamətində layihələr həyata keçirməyi arzulayıram. İstəyirəm ki, qızlar öz hüquqlarını bilsin, təhsilin onlara təqdim etdiyi imkanlardan cəsarətlə yararlansın və heç bir stereotipin onların arzularını məhdudlaşdırmasına imkan verməsinlər.
Mən öz uğur hekayəmi böyük nailiyyətlərdən daha çox, davamlı zəhmətin, əzmkarlığın və öyrənmək istəyinin nəticəsi hesab edirəm. Əgər mənim yolum bir gənc qıza “Mən də bacararam” hissini aşılaya bilsə, bu mənim üçün ən böyük uğur olar. İnanıram ki, hər bir qadının uğuru başqa bir qadının yolunu işıqlandıra bilər. Biz bir-birimizə dəstək olduqca daha güclü cəmiyyət qura bilərik.
- Sonda, “Qızların təhsilinə dəstək” layihəsinin həyata keçirilməsində əməyi olan təşkilatçılara, tərəfdaş qurumlara və bu təşəbbüsün reallaşmasına dəstək verən hər kəsə hansı təşəkkür və arzularınızı çatdırmaq istərdiniz?
- İlk növbədə, “Qızların təhsilinə dəstək” layihəsinin ərsəyə gəlməsində əməyi olan bütün təşkilatçılara - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Elm və Təhsil Nazirliyinə, Təhsilin İnkişafı Fonduna, mentorlara və bu təşəbbüsə dəstək verən hər kəsə səmimi təşəkkürümü bildirirəm. Bu layihə çərçivəsində təqdim olunan təqaüd dəstəyi yalnız maddi yardım deyildi. Bu eyni zamanda bizə göstərilən etimadın, potensialımıza verilən dəyərin və gələcəyimizə qoyulan investisiyanın göstəricisi idi. Mən bu layihənin məzunu olmaqdan böyük qürur duyuram. İnanıram ki, bu təşəbbüs gələcəkdə də yüzlərlə gənc qızın təhsil almasına, öz potensialını reallaşdırmasına və cəmiyyətə faydalı fərd kimi yetişməsinə töhfə verəcək. Bu dəyərli layihənin uzun illər davam etməsini və daha çox gəncin həyatına toxunmasını arzulayıram.
Aysu Ayazın fikirləri bir daha göstərir ki, təhsil yalnız peşə sahibi olmaq deyil, həm də insanın öz potensialını kəşf etməsi, cəmiyyət qarşısında məsuliyyətini dərk etməsi və gələcəyə inamla addımlaması üçün ən möhkəm təməldir. Onun uğur yolu əzmin, davamlı inkişafın və təqdim olunan imkanlardan düzgün istifadə etməyin real nəticəsidir. İnanırıq ki, "Qızların təhsilinə dəstək" layihəsi bundan sonra da yeni uğur hekayələrinin yaranmasına, istedadlı gənc qızların arzularını gerçəkləşdirməsinə və ölkəmizin intellektual potensialının daha da güclənməsinə töhfə verəcək. Aysu Ayaza səmimi müsahibəsinə görə təşəkkür edir, hüquq sahəsində və həyatının bütün mərhələlərində yeni nailiyyətlər, uğurlar və parlaq gələcək arzulayırıq.
Yaqut Ağaşahqızı, “İki sahil”