27 iyun 2026 20:20
137

UFC: Günün ilk görüşləri başa çatıb, Azərbaycan təmsilçiləri qələbə qazanıblar

Bakıda keçirilən UFC turnirində ilkin qarşılaşmalara yekun vurulub.

“İki sahil” xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışda yeddi döyüş baş tutub. Azərbaycan təmsilçiləri Tahir Abdullayev və Fərman Həsənov rəqiblərini məğlub edərək qələbə qazanıblar.

Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu üstələyib. Fərman Həsənov isə yarımorta çəkidə ABŞ təmsilçisi Erik Nolanı üç raundun yekununda məğlub edib.

Digər görüşlərdə braziliyalı Jan Matsumoto qazaxıstanlı Bekzat Almakhanı hakimlərin yekdil qərarı ilə üstələyib. Ukraynalı Daniil Donçenko isveçli Teodor Berggeni ikinci raundda vaxtından əvvəl məğlub edib.

Avstraliyanı təmsil edən türkəsilli Kaan Ofli kolumbiyalı Xavyer Reyesi ilk raundda boğucu fəndlə təslim olmağa məcbur edib. Özbəkistanlı Nursulton Ruziboev də ilk raundda boğucu fəndlə rusiyalı Andrey Pulyaev üzərində qələbə qazanıb.

Yarımağır çəkidə Türkiyə təmsilçisi Abdul Rahman Yahyaev isə ABŞ-dən olan Culius Uolkeri birinci raundun ilk saniyələrində nokaut edərək gecənin ən sürətli qələbələrindən birinə imza atıb.

Günün ən maraqlı döyüşləri isə qarşıdadır. Azərbaycan təmsilçiləri Nazim Sadıxov braziliyalı Mateus Kamilo, Rafael Fiziev isə gecənin əsas döyüşündə meksikalı Manuel Torreslə üz-üzə gələcək.