22 iyun 2026 18:11
151

Böyük Qayıdışın növbəti addımları: Xankəndi şəhərinə daha 18 ailə yola salınıb

Hazırda uğurla reallaşdırılan genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, yüksək inkişaf etmiş regiona çevrilməsinə sağlam bünövrə yaradır. Bu gün xalqımız qalib Liderinin rəhbərliyi ilə Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur, yağı tapdağından qurtulan bu torpaqları yenidən həyata qaytarır. Böyük Qayıdış Proqramı çərçivəsində “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyaları tətbiq edilərək yeni, müasir yaşayış məntəqələri salınır.

İşğaldan azad edilmiş ərazilərin müasir iqtisadi və sənaye mərkəzinə çevrilməsi məqsədilə nəqliyyat potensialı bərpa olunur, elektirk şəbəkələri, su-kanalzasiya sistemləri və kommunikasiya xətləri inşa edilir. Həmçinin yeni iş yerləri yaradılır, peşə hazırlığı və məşğulluq proqramları icra edilir. Xüsusilə qeyd etmək lazımdır ki, dogma yurduna qayıdan vətəndaşların dayanıqlı məşğulluğunun təmin olunmasın dövlətin əsas prioritetlərindən biridir.

Prezident İlham Əliyevin bölgəyə hər səfəri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Çünki bu səfərlər zamanı Qarabağda və Şərqi Zəngəzurda yeni müəssisələrin təməli qoyulur, açılışlar edilir, həmin bölgələrin sosial-iqtisadi inkişafı üçün ciddi bazalar, infrastruktur yaradılır. Prezident 2025-ci il dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olarkən dövlət başçısına görülən işlər barədə verilən məlumatlardan aydın oldu ki, sürətlə həyata keçirilən bərpa-quruculuq işlərində əsas məqsədlərdən biri də Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.

Ölkə başçısının ötən ilin dekabrında Xankəndi şəhərində hazırda 27 ixtisas üzrə 6 fakültədə 2154 tələbənin təhsil aldığı Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının, Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılış, eləcə də Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlqoyma mərasimlərində iştirak etməsi bunun bariz nümunəsidir. Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsində hazırda 20 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 505 tələbə bakalavriat səviyyəsində 7 ixtisas-iqtisadiyyat, maliyyə, mühasibat uçotu, menecment, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq ticarət və logistika, turizm işinin təşkili üzrə təhsil alır.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdıış uğurla davam edir. İyunun 19-da Xankəndi şəhərinə 68 nəfərdən ibarət 18 ailənin, Ağdərə rayonunun Aşağı Oratağ kəndinə isə 2 ailə olmaqla 12 nəfərin köçürülməsi bunun əyani təsdiqidir.

Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Bütün bunlar Qarabağın və Şərqi Zəngəzurun tezliklə Azərbaycanın çiçəklənən diyarına çevriləcəyini bir daha təsdiq edir.

Zahid Rza, “İki sahil”