Xarici ölkələrin diplomatik korpuslarının nümayəndələri sentyabrın 11-12-də işğaldan azad edilmiş bölgələrimizdə olublar
Diplomatik korpusun nümayəndələri səfərin ikinci günündə Ağdərə rayonunda yerləşən Gəncəsər Monastr Kompleksinə də baxış keçiriblər. Elmi ədəbiyyatda Xəzinədağ məbədi kimi tanınan, əsas tikililəri XIII əsrdə inşa edilən bu kompleks Qafqaz Albaniyasının mühüm dini və mədəni mərkəzlərindən biri olub. “Gənc” sözü Azərbaycanca xəzinə, “sər” baş deməkdir.
Diplomatlara işğal illərində Gəncəsər kompleksinin erməni saxtakarlığına və qanunsuz müdaxilələrə məruz qalması barədə məlumat verilib. Monastrın tarixi alban memarlıq üslubunun dəyişdirildiyi, 2012-ci ildən etibarən divarlarının mərmər daşlarla örtülməyə başlandığı, kompleksin həyətində “abadlıq” adı altında aparılan işlərlə onun əzəli görkəminə zərər vurulduğu diqqətə çatdırılıb. Din oğruları, keşişlər monastrdakı Azərbaycan və alban izlərini itirməyə cəhdlər etsələr də bacarmayıblar.
2020-ci il məğlubiyyətindən sonra Gəncəsərdəki keçmişdən xəbər verən daş kitabələr divarlardan sökülərək İrəvana aparılıb. Məlumdur ki, o vaxt sülhməramlı deyilən hərbçilər keşişlərin Xudavəngdəki təxribatçı əməllərinə “lazımi” şərait yaradırdılar. Hərbçilər təxribatçıları PDM-lərlə aparıb-gətirir, təhlükəsizliklərini qoruyurdular.
İşğaldan azad edilən Xankəndidə aşkarlanan bir emalatxanada saxta daş kitabələr yazılıb xaçlar düzəldilərək müəyyən yerlərə qoyurdular.
Xarici diplomatlara illərlə saxtalaşdırılmış tarix, mənimsənilmiş alban irsi, vandalizmə məruz qalmış abidələr də göstərilib. Diplomatik korpusun nümayəndələri əsl həqiqəti qərəzli vasitəçilərin, erməni təbliğatçılarının hazırladığı yalan mətnlərdən deyil, yerində və öz gözləri ilə görüblər. Onlara məlumat verilib ki, Gəncəsər monastrnı ermənilərə “calaq” edən xarici ideoloqların göstərişi ilə əvvəl saxta fakt və dəlillər uydurdular, əraziyə xaçlar basdırıb sonra onları “kəşf” edib buranın erməni torpağı olduğunu “sübut” etdilər. Xatırladaq ki, Moskvada hazırlanır, ermənilərə icra etmək üçün hər cür köməklik edilirdi. XVII əsrin sonlarına qədər monastrda alban din xadimləri rəhbərlik edirdilər. Lakin axırıncı alban katolikosu öləndən sonra onun yerinə xarici qüvvələrin təzyiqi ilə erməni katolikosları gəldilər. Halbuki Gəncəsər alban-udi monastrı idi və dediyimiz kimi, ermənilərin bura heç bir dəxli yox idi.
Diplomatlar görüblər ki, dövlətimiz tamamilə viran qoyulmuş torpaqlarını, dağıdılmış kəndlərini sürətlə dirçəldir. Təkcə bu fakt diplomatlara torpağın sahibini və işğalçını açıq göstərir. Yollar yenidən çəkilir, tunellər açılır, müasir struktur qurulur, elektrik işığı, rabitə-kommunikasiya xətləri çəkilir, məktəblər, xəstəxanalar tikilir, rahat həyat təmin olunur. Bir sözlə, Ermənistanın otuz ildə etdiyi dağıntı və xarabalıqlar indi gülüstana çevrilir.
Ən aydın müqayisə də elə budur. Bir tərəfdə daşı daş üstündə qoymayan erməni işğalı, digər tərəfdə hər qarışı yenidən qurub abadlaşdıran Azərbaycan dövləti. Bir tərəfdə viran qoyulmuş məscidlər, qəbiristanlıqlar və şəhərlər, kəndlər, saxtalaşdırılmış tarixi abidələr, o biri tərəfdə həyata qaytarılan yurd yerləri, doğma torpağına dönən insanlar və abad yurd və aydın səma...
Xarici diplomatlar Şuşa, Xankəndi, Ağdərə və Kəlbəcərdə gözəl təbiət, yeni yol və tikililər görməklə bərabər, Azərbaycan xalqının sarsılmaz iradəsinin də şahidi olublar. İşğaldan azad edilmiş torpağın dövlət tərəfindən necə çiçəkləndiyinin şahidinə çevriliblər.
Vəli İlyasov, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...