Fransanın Müluz şəhərində keçirilən Beynəlxalq Parabadminton Turnirinə yekun vurulub. 20 yaşlı parabadmintonçumuz İbrahim Əliyev kişi idmançıların birgə mübarizə apardığı qoşa yarışda (SU-5 kateqoriyası) polşalı tərəfdaşı Bartlomiej Mroz ilə birlikdə bürünc medal qazanıb.
“İki sahil” xəbər verir ki, cütlük qrup mərhələsində braziliyalı rəqibləri Ramos Santos və Yeily Rodrigues üzərində qələbə qazanıb, Çin Taypeyini təmsil edən Jen-Yu Fang və Gui Yu Pu cütlüyünə isə məğlub olub. Bu nəticə ilə yarımfinala yüksələn İbrahim Əliyev və Bartlomiej Mroz Malayziya təmsilçiləri Mohamed Azri və Cheah Liek Hou ilə qarşılaşmada məğlub olaraq turniri bürünc medalla başa vurublar.