10 iyun 2026 13:00
99

Aİ-nin beş aparıcı ölkəsi yeni üzvlər üçün səsvermə hüququnun məhdudlaşdırılmasını TƏKLİF EDİB

Almaniya, Fransa, Niderland, Belçika və Lüksemburq Avropa İttifaqına yeni qoşulan ölkələrin səsvermə hüququnun müəyyən müddətə məhdudlaşdırılması təşəbbüsü ilə çıxış ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Reuters agentliyi beş ölkənin hazırladığı birgə sənədə istinadla məlumat yayıb.

Sənəddə Avropa İttifaqı daxilində yeni üzvlərin bəzi mühüm məsələlər üzrə səsvermə hüququnun məhdudlaşdırılması imkanlarının müzakirə edilməsi təklif olunur. Söhbət bütün üzv dövlətlərin yekdil dəstəyini tələb edən qərarlardan gedir.

Təşəbbüs müəlliflərinin fikrincə, bu məhdudiyyətlər xüsusilə Aİ-nin genişlənməsi, xarici siyasət və ümumi büdcə məsələlərinə şamil oluna bilər. Reuters-in məlumatına görə, sənəddə həmçinin üzv ölkələrdə demokratik institutların vəziyyətinin, o cümlədən media azadlığının monitorinqi üçün əlavə mexanizmlərin hazırlanması təklif edilir.

Təşəbbüs müəllifləri bu kontekstdə Macarıstanda Baş nazir Viktor Orban hökuməti dövründə müşahidə olunan və “demokratiyanın geriləməsi” kimi qiymətləndirilən prosesləri nümunə göstəriblər.

Agentliyin məlumatına görə, təklif gələcəkdə Avropa İttifaqına qoşulmağa çalışan bir sıra ölkələrə təsir göstərə bilər. Belə ki, Monteneqro 2028-ci ildə Aİ-yə üzv olmağı hədəfləyir. Bundan başqa, Albaniya, Ukrayna və Moldova da namizəd ölkə statusundan daha irəli mərhələyə keçmək niyyətindədirlər.

May ayının sonunda isə Britaniyanın “The Guardian” nəşri məlumatlı mənbələrə istinadla xəbər vermişdi ki, Avropa Komissiyası yeni üzvlər üçün veto hüququnun məhdudlaşdırılması imkanını nəzərdən keçirir. Bildirilir ki, bu tədbir müvəqqəti xarakter daşıya bilər və məqsəd Avropa İttifaqında “ikinci dərəcəli ölkələr” təəssüratının yaranmasının qarşısını almaqdır.