08 iyun 2026 19:31
85

“100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı”

1926-cı il fevralın 26-dan martın 6-dək Bakı şəhərində keçirilmiş Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mühüm rol oynamış tarixi hadisələrdəndir. Bu unikal elmi tədbirdə türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, həmçinin latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır. Yeri gəlmişkən qeyd edək ki, Birinci Türkoloji Qurultayın ən böyük uğuru ozamankı çətin dövrdə ortaq türk əlifbasının qəbul edilməsindən ibarət olub. Bu mənada yüz il əvvəl keçirilmiş qurultayın ideyalarının bu gün aktual olması təsadüfi deyil. Odur ki, həmin qurultayın qəbul etdiyi qərarlar diqqət mərkəzindədir. Bununla bağlı bir-birinin ardınca təşkil olunan tədbirlər də bunu sübut edir. Yeri gəlmişkən, Prezident İlham Əliyev “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam da imzalayıb. Artıq bu Sərəncam əsasında bir sıra tədbirlər keçirilib. Hazırda da belə tədbirlər davam etdirilir.

Birinci Türkoloji Qurultayın yekun sənədlərində iki ildən sonra bu qurultayın Səmərqənddə keçirilməsi nəzərdə tutulmuşdu. Təəssüf ki,  bu, dövlət siyasətinin dəyişməsi səbəbindən baş tutmamışdır. Aradan düz bir əsr keçdikdən sonar bu il  iyunun 5-6-da Səmərqənddə Özbəkistan Respublikası Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi, Yunus Əmrə İnstitutu, Türk Dil Qurumu, Mərmərə Universiteti və Səmərqənd Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı” keçirilib. Türk dünyasının müxtəlif ölkələrindən alimlərin, tədqiqatçıların, dilçilərin və türkologiya sahəsində fəaliyyət göstərən mütəxəssislərin qatıldıqları bu tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru,  professor Nadir Məmmədli, bu institutun Türk dilləri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru,  akademik Nizami Cəfərov, «Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan da iştirak ediblər.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru  professor Nadir Məmmədli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bu tədbir 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayda qəbul edilmiş, lakin dövrün siyasi şəraiti səbəbindən reallaşdırılması mümkün olmayan Səmərqənd Türkoloji Qurultayı ideyasının yüz il sonra həyata keçirilməsi məqsədilə təşkil olunub: “Amma bu, heç də bəzilərinin düşündüyü kimi, İkinci Türkoloji Qurultay deyil. Yəni, o zaman belə bir tədbirin Səmərqənddə keçirilməsi arzu olunmuşdu. Elə tədbirin adında da belə yazılıb: “100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı”.

Müsahibimiz bildirdi ki, Azərbaycan nümayəndə heyətinin çıxışları qurultay iştirakçıları tərəfindən maraqla qarşılanıb: “Hər şeydən əvvəl ona görə ki, bizim alimlər bu qurultayın materiallarına olduqca peşəkar yanaşıblar və bu sahə üzrə tutarlı tədqiqatlar aparıblar”.

Bu tədbirdə “1926-cı il I Türkologiya Qurultayı: tarixi zəmində, arxiv sənədlərində və milli mətbuatda” mövzusunda məruzə ilə çıxış etdiyini bildirən müsahibimizin sözlərinə görə, o, tədbir iştirakçılarını qurultayla bağlı əldə etdiyi yeni arxiv materialları ilə tanış edib: “Məsələn, bildirdim ki, elmi ədəbiyyatda həmin tədbir iştirakçılarının repressiyaya məruz qalmaları haqqında çox yazılıb. Bu, tamamilə yanlış fikirdir. Doğrudur, onlar sonradan repressiyaya məruz qalıblar, güllələniblər, sürgün olunublar. Ancaq heç bir yerdə, o cümlədən Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin arxivindəki məxfi sənədlərdə onların məhz həmin qurultayda iştirak etdiklərinə görə bu və ya digər cəzaya məruz qalmaları haqqında qeydlər yoxdur. Məsələn, əlifba uğrunda uzun müddət mübarizə aparmış Xalid Səid Xocayev həmin tədbirin ən aktiv iştirakçılarından biri olub. Bu şəxs Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərini tərcümə etdiyinə görə repressiyaya məruz qalıb. Milliyyətcə eston olan, qurultayın ən aparıcı simalarından biri hesab edilən Zifeld Simumyagi Xalid Səid Xocayevə bu məsələdə yardım etdiyinə görə həbs olunub”.

Müsahibimiz daha sonra bildirdi ki, tədbirdə akademik Nizami Cəfərovun “Azərbaycan türkləri Birinci Türkologiya Qurultayda” və professor İsmayıl Kazımovun “I Türkologiya Qurultayın türkologiyanın sonrakı dövrünə təsiri” mövzularında məruzələri dinlənilib. Azər Turan isə ”I Bakı Türkoloji Qurultayı günlərində Əli bəy Hüseynzadənin yazdığı notlar” mövzusunda çıxış edib. Əli bəy Hüseynzadənin bu qeydləri həmin dövrün daha dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu notlar vasitəsilə biz yalnız qurultayın rəsmi sənədlərini deyil, həm də onun canlı elmi mühitini və dövrün düşüncə tərzini daha aydın görə bilirik”.

Birinci Türkoloji Qurultayın qurultayın bu gün də aktuallığını qoruduğunu diqqətə çatdıran N. Məmmədli fikrini bu sözlərlə tamamladı: “Fikrimcə, Türk dünyasının alimlərinin bir araya gəldiyi belə mötəbər elmi platformalar qarşılıqlı əməkdaşlığın genişlənməsinə, ortaq elmi irsin daha dərindən araşdırılmasına və yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfələr verir.”

Qvami Məhəbbətoğlu, “İki sahil”