08 iyun 2026 14:48
147

Ermənistan sülh gündəliyini konkret qərarlarla möhkəmləndirməlidir

Ermənistanda keçirilən son seçkilərin ilkin nəticəsi onu deməyə əsas verir ki, Ermənistan cəmiyyəti müharibə və revanşizm siyasətinə deyil, sülhə, normallaşmaya və regional əməkdaşlıq perspektivlərinə üstünlük verdi. Uzun illər ölkənin siyasi gündəmini müəyyən edən radikal və revanşist qüvvələrin növbəti dəfə seçicilərdən lazımi dəstək ala bilməməsi Ermənistan cəmiyyətində yeni siyasi düşüncənin formalaşdığını göstərir. Son illərdə regionda baş verən hadisələr, xüsusilə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi Ermənistanın siyasi və ictimai həyatında ciddi dəyişikliklərə səbəb olub. Müharibə dövrünün çağırışları artıq cəmiyyət üçün cəlbedici görünmür. Ermənistan vətəndaşları getdikcə daha çox iqtisadi inkişaf, təhlükəsizlik, kommunikasiyaların açılması və regional inteqrasiya kimi məsələləri ön plana çıxarırlar.

Lakin seçkidə əldə edilən nəticə hələ yekun məqsəd deyil. Əksinə, bu nəticə Ermənistan hakimiyyəti qarşısında yeni öhdəliklər və məsuliyyətlər yaradır. Seçicilərin verdiyi mandat konkret addımlarla doğruldulmalıdır. İlk növbədə, Ermənistan Azərbaycanla sülh sazişinin imzalanmasına mane olan hüquqi və siyasi problemlərin aradan qaldırılması istiqamətində addımlar atmalıdır. Xüsusilə Azərbaycanın dəfələrlə vurğuladığı kimi, Ermənistan Konstitusiyasında və digər hüquqi sənədlərdə Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması vacib məsələlərdən biri olaraq qalır. Davamlı və uzunmüddətli sülh yalnız qarşılıqlı ərazi bütövlüyünün birmənalı şəkildə tanınması əsasında mümkündür.
Digər mühüm məsələ revanşist ideologiyanın siyasi gündəmdən tamamilə çıxarılmasıdır. Ermənistan hakimiyyəti cəmiyyətə aydın mesaj verməlidir ki, regionda yeni qarşıdurma ssenarilərinin heç bir perspektivi yoxdur və ölkənin gələcəyi əməkdaşlıq, iqtisadi inkişaf və qonşularla normal münasibətlərdən keçir.

Bununla yanaşı, sərhədlərin delimitasiya və demarkasiya prosesinin sürətləndirilməsi, nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması, humanitar təmasların genişləndirilməsi və qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsi də sülh prosesinin vacib elementləridir. Bu addımlar həm iki ölkə arasında münasibətlərin normallaşmasına, həm də bütün regionun iqtisadi potensialının açılmasına xidmət edə bilər.

Seçkilərin nəticələrində Azərbaycanın rolunu xüsusi qeyd etməliyik. Son illərdə Azərbaycanın həyata keçirdiyi hərbi, siyasi və diplomatik siyasət regionda yeni reallıqlar formalaşdırıb. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, separatizmə son qoyması, eyni zamanda müharibədən sonra sülh təşəbbüsü ilə çıxış etməsi Ermənistanda da yeni yanaşmaların meydana çıxmasına təsir göstərib.

Əslində, bu gün Ermənistan siyasi elitasının gündəmində sülh müqaviləsi, sərhədlərin tanınması və regional əməkdaşlıq məsələlərinin yer alması məhz bölgədə yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Müharibənin mütləq qalibi olan Azərbaycan sülh təklif etdi, əməkdaşlıq və kommunikasiyaların açılması ideyasını irəli sürdü. Bu yanaşma beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılandı və regionun gələcəyi üçün əsas istiqamətə çevrildi.
Bu mənada Ermənistandakı seçkilərin nəticələrini dolayısı ilə Azərbaycanın son illərdə həyata keçirdiyi uğurlu siyasətin nəticələrindən biri kimi də qiymətləndirmək daha doğru olar. Yeni reallıqlar fonunda Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi anlayır ki, bölgədə sabitlik və inkişafın alternativi Azərbaycanla münasibətlərin normallaşdırılmasından keçir.

İndi əsas məsələ bu siyasi mesajın real addımlara çevrilməsidir. Əgər İrəvan sülh gündəliyini konkret qərarlarla möhkəmləndirə bilsə, region uzun illər davam edən qarşıdurma dövrünü geridə qoyaraq yeni əməkdaşlıq mərhələsinə qədəm qoya bilər. Bunun üçün isə həm siyasi iradə, həm də yaranmış tarixi imkanlardan düzgün istifadə etmək tələb olunur.

Könül Nurullayeva,
Milli Məclisin deputatı