28 May Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi, milli dövlətçilik tariximizin ən parlaq səhifələrindən biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan olunmaqla xalqımızın əsrlər boyu davam edən azadlıq arzuları gerçəkləşdi. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik və parlamentli respublika kimi tarixə düşərək xalqımızın müstəqil yaşamaq əzmini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, dövlətçilik tariximizdə silinməz iz qoydu. Milli dövlət atributları qəbul edildi, demokratik idarəçilik prinsipləri formalaşdırıldı, milli ordu yaradıldı və təhsil sahəsində mühüm addımlar atıldı. Lakin mürəkkəb beynəlxalq vəziyyət və xarici müdaxilələr nəticəsində 1920-ci ildə Azərbaycanın müstəqilliyinə son qoyuldu.
Sovet hakimiyyəti illərində Azərbaycan xalqı öz milli kimliyini və dövlətçilik ənənələrini qoruyub saxladı. 1991-ci ildə isə xalqımız yenidən müstəqilliyinə qovuşdu. Lakin həmin dövrdə ölkədə hökm sürən siyasi böhran, hakimiyyət uğrunda mübarizə, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü Azərbaycan dövlətçiliyini ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Ölkədə xaos və anarxiya hökm sürür, vətəndaş qarşıdurması təhlükəsi getdikcə artırdı.
Belə ağır və taleyüklü bir dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev öz siyasi uzaqgörənliyi, qətiyyəti və böyük dövlətçilik təcrübəsi ilə Azərbaycanın müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bildi. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığı sayəsində ölkədə sabitlik təmin olundu, dövlət idarəçiliyi gücləndirildi və parçalanmaq təhlükəsi yaşayan Azərbaycan yenidən inkişaf yoluna qədəm qoydu.
Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi başladı, milli ordu möhkəmləndirildi və ölkənin beynəlxalq əlaqələri genişləndirildi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının əsasını qoyaraq ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi. Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrildi.
Bu gün Azərbaycan İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Ölkəmiz siyasi, iqtisadi və hərbi sahədə böyük nailiyyətlər əldə edib, beynəlxalq aləmdə nüfuzunu daha da artırıb. Azərbaycanın əldə etdiyi uğurların təməlində isə məhz Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası dayanır.
28 May – Müstəqillik Günü yalnız tarixi bayram deyil, həm də xalqımızın azadlıq ruhunun, milli qürurunun və dövlətçilik ənənələrinin təntənəsidir. Bu gün hər bir azərbaycanlı üçün müstəqilliyin necə böyük dəyər olduğunu xatırladır. Azərbaycan xalqı yaxşı bilir ki, müstəqillik asan əldə olunmayıb və onu qorumaq hər bir vətəndaşın müqəddəs borcudur.
Bu əlamətdar gündə xalqımız Azərbaycan dövlətçiliyinin qurucularını və onun qorunub saxlanılmasında böyük xidmətləri olan Ulu Öndər Heydər Əliyevi dərin ehtiramla yad edir. Müstəqil Azərbaycan bundan sonra da güclənəcək, inkişaf edəcək və öz dövlətçilik ənənələrini daim yaşadacaq.
Fidan Əliyeva,
YAP Xətai rayon təşkilatının məsləhətçisi
Kənd təsərrüfatı sahəsinin sürətlə inkişaf etdirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir
Müstəqillik Günü xalqımızın dövlətçilik əzminin, azadlıq idealına sədaqətinin və milli qürurunun rəmzidir