25 may 2026 16:48
162

Üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarda qürurla dalğalanır

Azərbaycan xalqının əsrlər boyu apardığı azadlıq və dövlətçilik mübarizəsinin ən böyük simvollarından biri milli bayrağımızdır. Mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan üçrəngli bayraq yalnız dövlət atributu deyil, həm də xalqın milli kimliyinin, istiqlal arzusunun və müstəqillik əzminin təcəssümüdür. Bu müqəddəs rəmz ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağı kimi qəbul edilmiş, sonrakı dövrlərdə isə Azərbaycan xalqının yaddaşında istiqlal ideyasının əbədi nişanəsinə çevrilmişdir.

Bu gün Azərbaycanın üçrəngli bayrağının vaxtilə işğal altında olmuş və artıq azadlığına qovuşmuş torpaqlarda dalğalanması tariximizin ən böyük qürur səhifələrindən biridir. Bu möhtəşəm zəfərin müəllifi olan İlham Əliyev milli dövlətçilik tarixində xüsusi yer tutan lider kimi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin edərək gələcək nəsillərə unudulmaz dövlətçilik amanəti bəxş etmişdir.

Azərbaycan bayrağı xalqımızın milli ruhunu, müstəqillik əzmini və dövlətçilik ənənələrini özündə yaşadır. Bayrağımızın mavi rəngi türkçülüyü, qırmızı rəngi müasirliyi və demokratiyanı, yaşıl rəngi isə islam mədəniyyətinə bağlılığı ifadə edir. Bu ideoloji dəyərlər Azərbaycan xalqının milli varlığını formalaşdıran əsas sütunlardır. Ulu öndər Heydər Əliyevin söylədiyi kimi, “Azərbaycan bayrağı sadəcə bayraq deyil, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.”

1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayraq dövlətimizin əsas atributu kimi yenidən yüksəldi. Lakin uzun illər Ermənistanın işğalı altında qalan torpaqlarımızda bu müqəddəs bayrağın dalğalanmaması xalqımız üçün böyük nisgil idi. Məhz bu nisgilə son qoyan tarixi şəxsiyyət İlham Əliyev oldu. Prezidentin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı qələbə nəticəsində Qarabağ və Şərqi Zəngəzur azad edildi, üçrəngli bayrağımız yenidən öz doğma torpaqlarında ucaldıldı.

2020-ci ilin Vətən müharibəsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri kimi yadda qaldı. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu düşməni ağır məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etdi. Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında və digər azad edilmiş ərazilərdə Azərbaycan bayrağının qaldırılması xalqın illərlə gözlədiyi tarixi ədalətin bərpası idi. Hər bir şəhər və kənddə dalğalanan bayraq şəhidlərimizin qanı və qəhrəmanlarımızın şücaəti hesabına əldə edilmiş müqəddəs zəfərin rəmzinə çevrildi.

Bu gün azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Yeni yollar, məktəblər, hava limanları, yaşayış kompleksləri tikilir, həyat yenidən canlanır. Bütün bu proseslərin mərkəzində isə Azərbaycan bayrağı dayanır. Çünki həmin bayraq yalnız siyasi qələbəni deyil, həm də milli dirçəlişi və dövlətin qüdrətini ifadə edir.

İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan bu gün regionun ən güclü dövlətlərindən birinə çevrilmişdir. Dövlət başçısının qətiyyəti, siyasi iradəsi və milli maraqlara əsaslanan fəaliyyəti sayəsində Azərbaycan xalqı tarixi ədalətə qovuşmuşdur. İşğaldan azad edilən ərazilərdə üçrəngli bayrağımızın dalğalanması gələcək nəsillərə ötürülən ən böyük dövlətçilik mirasıdır.

Bu gün hər bir azərbaycanlı qürur hissi ilə deyə bilər ki, Azərbaycan Xalq Cümhuriyyətinin bizə əmanət qoyduğu müqəddəs bayraq artıq Azərbaycanın bütün torpaqlarında dalğalanır. Bu, xalqımızın birliyinin, ordumuzun qüdrətinin və dövlətimizin sarsılmaz iradəsinin təntənəsidir. Bayrağımızın azad Qarabağ səmasında dalğalanması isə tarixə qızıl hərflərlə yazılmış milli zəfər salnaməsidir.

Arif Qasımov,
YAP Sədərək rayon təşkilatının sədri