15 may 2026 22:59
95

“Startup School 4” çərçivəsində ADMİU-da təlim və infosessiya keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə – 500 startap” proqramı çərçivəsində növbəti təlim və infosessiya Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təşkil olunub. Görüşdə universitetin rəhbər heyəti, müəllimləri və tələbələri iştirak ediblər.

“İki sahil” xəbər verir ki, tədbirdə iştirakçılara innovasiya və startap ekosistemi, yaradıcı sənayelərdə sahibkarlıq imkanları, innovativ ideyaların biznes modelinə çevrilməsi və beynəlxalq əməkdaşlıq perspektivləri barədə məlumat verilib. Eyni zamanda “Startup School 4” proqramının məqsədləri, seçim mərhələləri və iştirak imkanları təqdim olunub, bu istiqamətdə suallar cavablandırılıb.

“Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov bildirib ki, “Startup School 4” layihəsi Azərbaycanın qlobal innovasiya ekosistemində mövqeyinin gücləndirilməsi, müxtəlif ölkələrdən olan startapların bir platformada birləşdirilməsi və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi baxımından mühüm təşəbbüsdür. O qeyd edib ki, proqram çərçivəsində iştirakçılar beynəlxalq mentorlar, investorlar və innovasiya mərkəzləri ilə əməkdaşlıq imkanları əldə edəcəklər.

Qeyd olunub ki, layihənin mühüm tərəfdaşlıqlarından biri də “TEI Forum 2026” (Trade, Export & Innovation Forum) ilə qurulan əməkdaşlıqdır. “Startup School 4” layihəsinin yekun mərhələsi olan “Demo Day” tədbirinin 30–31 oktyabr 2026-cı il tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək “TEI Forum 2026” çərçivəsində təşkili nəzərdə tutulur. Bu mərhələ startaplar üçün investorlar, sahibkarlar və beynəlxalq tərəfdaşlarla birbaşa əlaqələrin qurulması baxımından mühüm imkanlar yaradacaq.