15 may 2026 20:42
123

“Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans davam edir

 Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans panel sessiyalarla davam edir. “İki sahil” xəbər verir ki, "Təhsilin, tədqiqatın və potensialın gücləndirilməsi vasitəsilə dayanıqlı şəhər gələcəyinin qurulması” mövzusunda panel sessiyasında BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov da çıxışçı qismində iştirak edib. Sessiya BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı Ofisinin rəhbəri Anna Soavenin moderatorluğu ilə baş tutub. Paneldə müxtəlif beynəlxalq və yerli təşkilatların nümayəndələri dayanıqlı şəhər inkişafında ali təhsilin, elmi tədqiqatların və institusional əməkdaşlığın rolunu müzakirə ediblər.

BDU rektorunun müşaviri Asiman İlyasov çıxışı zamanı universitetlərin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində strateji rolunu vurğulayıb. O, xüsusilə ali təhsil müəssisələrində keyfiyyət təminatı, tədqiqat potensialının artırılması, beynəlxalq əməkdaşlıq və şəhər dayanıqlılığı istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib.

Panel sessiyada həmçinin UN-Habitat-ın Qlobal Bilik və Təbliğat Bölməsinin proqram əməkdaşı Raphaelle Vignol, ADA Universitetinin Dizayn və Memarlıq Məktəbinin dekanı Nora Lombardini və London İqtisadiyyat Məktəbinin qonaq tədqiqatçısı Deen Sharp çıxış ediblər. Sessiya çərçivəsində dayanıqlı urbanizasiya, inklüziv şəhər planlaşdırılması, elmi tədqiqatların şəhər inkişafına inteqrasiyası və gənclərin bu proseslərdə iştirakının artırılması kimi məsələlər geniş müzakirə olunub.

“Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans çərçivəsində ikinci panel sessiya isə “İnklüziv və dayanıqlı şəhərlər: şəhər inkişafına yeni yanaşmalar” mövzusuna həsr edilib.

Panelin əsas məqsədi müasir şəhərsalma proseslərində inklüziv yanaşmaların gücləndirilməsi, dayanıqlı inkişaf prinsiplərinin tətbiqi və insan kapitalının şəhər transformasiyasında rolunun müzakirəsi olub. Sessiyaya moderatorluq ADA Universitetinin professoru Anar Vəliyev tərəfindən həyata keçirilib.

Paneldə çıxış edən məruzəçilər arasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azad edilmiş ərazilərdə layihə idarəetməsi üzrə şöbə müdiri Ramil Cahangirov, İƏT-in Təmiz Enerji Mərkəzinin İcraçı direktoru Aysel Yaqubova və Anhui Universitetinin Konfutsi İnstitutunun direktoru Vang Haoqiang yer alıblar.

Sessiya çərçivəsində şəhərlərin inklüziv inkişaf modelləri, ekoloji dayanıqlılıq, innovativ şəhər idarəetməsi və beynəlxalq təcrübələrin tətbiqi istiqamətində geniş fikir mübadiləsi aparılıb. Çıxışlarda insan kapitalının dayanıqlı və davamlı şəhər inkişafında strateji əhəmiyyəti xüsusi vurğulanıb.

Beynəlxalq konfrans müasir şəhərsalma yanaşmalarının inkişafı, akademik biliklərin paylaşılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma kimi öz əhəmiyyətini davam etdirir. BDU-nun beynəlxalq platformalarda fəal iştirakı Universitetin dayanıqlı inkişaf, innovasiya və qlobal əməkdaşlıq istiqamətində strateji prioritetlərinin göstəricisi kimi qiymətləndirilir.