06 may 2026 12:04
106

Avropa Parlamentinin Azərbaycanla bağlı ədalətsiz qərarları bölgədə sülhə ən böyük maneədir

Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də Ermənistanda keçirilən «Avropa Siyasi Birliyi»nin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə etdiyi çıxışda ölkəmizin haqlı mövqeyini bir daha beynəlxalq aləmə nümayiş etdirdi. Bildirdi ki, Azərbaycan postmünaqişə dövründə formalaşdırdığı yeni siyasi reallıq və sülh quruculuğu bölgəyə sabitlik və əmin amanlıq gətirməyə hesablanıb.

Ölkəmizin başçısı Ermənistanın 2028-ci ildə «Avropa Siyasi Birliyi»nin növbəti Zirvə görüşünün Azərbaycanda keçirilməsini dəstəklədiyini bildirdi. Bu isə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm göstəricisidir. Eyni zamanda, bu Azərbaycanın 2026-cı ildə Ermənistanda keçirilən Zirvə görüşünə əvvəlcədən dəstək verməsi və qarşılıqlı olaraq 2028-ci il üçün Bakının namizədliyinin qəbul edilməsi qarşılıqlı diplomatik anlaşmanın real təsdiqidir. Məlumdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda qarşıdurmanı dərinləşdirən ritorikadan deyil, sabitlik, qarşılıqlı etimad və iqtisadi əməkdaşlıq gündəliyindən çıxış edir. Bu yanaşma sadəcə diplomatik jestlər toplusu deyil, qalib dövlətin öz gücünü regional inkişaf modelinə çevirmək bacarığının göstəricisidir. 

Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev 1990-cı illərin əvvəllərindən Ermənistana tətbiq etdiyi tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırması qətiyyətli siyasətin mənitiqi davamıdır. Belə ki, son bir neçə ayda Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb. Bundan əlavə, ölkəmiz ilk dəfə olaraq neft məhsullarını- benzin və dizeli Ermənistana ixrac edib və bu çərçivədə 12 min ton məhsul tədarük olunub.

Ölkəmiz 2001-ci ildən Avropa Şurasının üzvü olsa da, 2024-cü ildə AŞPA tərəfindən nümayəndə heyətimizə qarşı tətbiq edilən hansız yanaşmalar ədalətli görünmür.  Xüsusilə bu qərarın 2023-cü ilin sentyabr hadisələrindən sonra, yəni Qarabağda separatçı rejimin varlığına birdəfəlik son qoyulmasından sonra  qəbul olunması onun ermənipərəst siyasi mahiyyətini açıq göstərir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrinin icrasını öz gücü ilə təmin edib. Bu, beynəlxalq hüququn və ərazi bütövlüyü prinsipinin bərpasıdır.

Eyni zamanda, Avropa Parlamentinin son illərdə Azərbaycanla bağlı qəbul etdiyi çoxsaylı sənədlər ikili standartlarla  yanaşmanın göstəricisidir. Bu isə beynəlxalq institutların obyektivliyini şübhə altına almağa imkan  yaradır. Bir həqiqətdir ki,  Azərbaycan həmişə beynəlxalq hüquqa hörmətlə yanaşan bütün dövlətlərlə rəqabət deyil,  əməkdaşlıq etməyə üstünlük verən, olduğu regiona sülh gətirməyə çalışan bir  dünyəvi dövlətdir.

Bəli, bu gün Azərbaycanın öz milli maraqlarını qətiyyətlə müdafiə edərək heç bir beynəlxalq təzyiq qarşısında hədəflərindən dönməyən  bir ölkə olduğu beynəlxalq ictimaiyyətə məlumdur. Ona görə də ölkəmiz daxili işlərimizə qarışanlara, bizə qarşı qərəzli qətnamələr qəbul edənlərə layiqli cavablar verir. Elə ermənipərəst Avropa Parlamentinə qarşı da belə bir addım atıb. Belə ki, Azərbaycanın Milli Məclisi mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlarla bağlı rəsmi qərar qəbul edib. Heç şübhəsiz ki, bütün bu addımları rəsmi Bakının Brüsselin yürütdüyü siyasətə verdiyi layiqli cavabdır.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri