15 sentyabr 2026 11:21
159

Bir əsrdən artıq yaşı olan qardaşlıq: Bakının azadlığından Türk dünyasının həmrəyliyinə

Bəzi tarixlər var ki, onlar yalnız təqvimdə müəyyən edilmiş gün deyil, xalqın milli yaddaşının, dövlətçilik düşüncəsinin və mənəvi dəyərlərinin ayrılmaz hissəsinə çevrilir. Sentyabrın 15-i də Azərbaycan xalqı üçün məhz belə tarixlərdəndir. Bu gün 108 il əvvəl Bakının azad edilməsi ilə yadda qaldığı qədər, Azərbaycan-Türkiyə qardaşlığının zamanın sınaqlarından keçərək bu günə gəlib çatmasının rəmzi kimi də xüsusi məna daşıyır.

1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik işğalından azad etməsi Azərbaycanın taleyində mühüm dönüş nöqtəsi oldu. Həmin gün Bakının azadlığı uğrunda Azərbaycan və Osmanlı əsgərləri eyni səngərdə, eyni amal uğrunda çiyin-çiyinə vuruşdular. Onları birləşdirən yalnız hərbi məqsəd deyildi. Bu birlik tarixin, dilin, dinin, milli-mənəvi dəyərlərin və talelərin yaratdığı böyük qardaşlığın təzahürü idi.

Bakının azadlığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu qarşısında yeni imkanlar açıldı. Sentyabrın 16-da Osmanlı-Azərbaycan hərbi hissələrinin Bakı ətrafında paradının keçirilməsi, ertəsi gün Azərbaycan hökumətinin Gəncədən Bakıya köçməsi həmin qələbənin siyasi nəticələrini daha da möhkəmləndirdi. Azərbaycan dövlətçiliyinin paytaxtı öz sahibinə qovuşdu.

Əslində, bu hadisəni yalnız 1918-ci ilin hərbi salnaməsi kimi qiymətləndirmək doğru olmaz. Çünki Bakının azadlığı Azərbaycan və Türkiyə xalqlarının bir-birinə münasibətinin, ortaq taleyinin və qarşılıqlı fədakarlığının tarixə həkk olunmuş ifadəsidir.

Bu qardaşlığın izlərini daha əvvəlki tariximizdə də görmək mümkündür. Çanaqqala döyüşlərində azərbaycanlı oğulların türk qardaşlarının yanında yer alması, həmin torpaqlarda şəhidlik zirvəsinə ucalması iki xalq arasındakı mənəvi bağların nə qədər dərin olduğunu göstərirdi. Bir xalqın övladlarının digər xalqın haqq savaşını öz mübarizəsi kimi qəbul etməsi sözlərlə izah edilə bilməyəcək qədər böyük mənəvi yaxınlığın göstəricisidir.

Zaman dəyişdi, siyasi xəritələr dəyişdi, dövlətlər və beynəlxalq münasibətlər sistemi yeni mərhələlərdən keçdi. Lakin Azərbaycan-Türkiyə qardaşlığının mahiyyəti dəyişmədi. Əksinə, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər yeni siyasi məzmun qazandı və dövlətlərarası əlaqələrin ən möhkəm nümunələrindən birinə çevrildi.

Ulu Öndər Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” kəlamı məhz bu tarixi və mənəvi reallığın siyasi ifadəsidir. Bu fikir iki dövlət arasında münasibətlərin mahiyyətini müəyyənləşdirən möhkəm təmələ çevrildi. Türkiyənin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olması da qardaşlığın dövlət siyasəti səviyyəsindəki təzahürlərindən biri idi.

Bu gün həmin münasibətlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə özünün ən yüksək mərhələlərindən birini yaşayır. Liderlər arasındakı möhkəm dostluq və qardaşlıq münasibətləri iki ölkənin əlaqələrinin inkişafına yeni dinamizm gətirib. Azərbaycan-Türkiyə münasibətləri artıq yalnız iki qardaş xalqın mənəvi yaxınlığını ifadə etmir, həm də regionun siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasına təsir göstərən mühüm amilə çevrilib.

2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətlərini rəsmiləşdirən sənəd tarixin formalaşdırdığı qardaşlığın müasir dövrün siyasi reallıqları ilə necə uzlaşdığını nümayiş etdirdi. Şuşada imzalanan Bəyannamə iki dövlətin gələcəyə baxışının, qarşılıqlı etimadının və strateji həmrəyliyinin ifadəsinə çevrildi.

Qardaşlığın həqiqi mahiyyəti isə ən çox çətin və sınaqlı günlərdə üzə çıxır. 2023-cü ilin fevralında Türkiyədə baş vermiş dəhşətli zəlzələ Azərbaycan xalqının yaddaşında belə günlərdən biri kimi qaldı. Faciənin ilk saatlarından etibarən Azərbaycanın Türkiyənin yanında olması, yardım əlini uzatması, axtarış-xilasetmə və humanitar tədbirlərdə fəal iştirak etməsi bir daha göstərdi ki, Azərbaycan və Türkiyə üçün qardaşlıq yalnız ifadələrdə deyil, əməli addımlardadır.

Kahramanmaraşda yaradılan “Azərbaycan məhəlləsi” də bu həmrəyliyin canlı rəmzlərindən birinə çevrildi. İki ölkənin liderlərinin həmin məhəllənin açılışında iştirakı təkcə bir şəhərin yenidən qurulmasına verilən töhfənin deyil, həm də qardaş ölkənin ağrısını öz ağrısı hesab edən Azərbaycanın mövqeyinin ifadəsi idi.

Bu gün Azərbaycan-Türkiyə münasibətlərinə daha geniş prizmadan baxmaq lazımdır. Çünki iki ölkə arasındakı qardaşlıq artıq yalnız ikitərəfli münasibətlərin çərçivəsində deyil, Türk dünyasının ümumi həmrəyliyinin mühüm dayaqlarından biri kimi çıxış edir.

Azərbaycanın Türk Dövlətləri Təşkilatının inkişafına verdiyi töhfələr, türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylər ölkəmizin Türk dünyasına baxışının ardıcıl və məqsədyönlü olduğunu göstərir. Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur” fikri də bu yanaşmanın mahiyyətini özündə əks etdirir.

Bu gün Türk dünyasının qarşısında yeni imkanlar və yeni çağırışlar dayanır. Dünyada gedən mürəkkəb proseslər fonunda qarşılıqlı etimad, həmrəylik və birlik daha böyük əhəmiyyət kəsb edir. Belə bir şəraitdə Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmliyi bütün Türk dünyasının birliyinə və gücünə mühüm töhfə verir.

108 il əvvəl Bakının azadlığı uğrunda eyni səngərdə dayanan Azərbaycan və Osmanlı əsgərlərinin yaratdığı tarixi miras bu gün başqa müstəvidə davam edir. O vaxt silahdaşlıq edən iki xalq bu gün siyasi, iqtisadi, hərbi, mədəni və humanitar sahələrdə çiyin-çiyinə addımlayır. Dünənin qəhrəmanlıq salnaməsi bu günün müttəfiqlik münasibətlərində öz davamını tapır.

Tarix göstərir ki, həqiqi qardaşlıq yalnız xoş günlərin paylaşılması deyil. Əsl qardaşlıq çətin məqamda yanında olmaq, eyni dəyərləri qorumaq, bir-birinin uğurunu öz uğuru, ağrısını öz ağrısı bilməkdir. Azərbaycan və Türkiyə münasibətləri məhz belə bir qardaşlığın nümunəsidir.

Sentyabrın 15-i bizə həm keçmişi xatırladır, həm də gələcəyə dair düşüncələr aşılayır. Bu tarix Bakının azadlığının, milli dövlətçilik iradəsinin, Azərbaycan-Türkiyə qardaşlığının və daha geniş mənada Türk dünyasının həmrəyliyinin bir-birindən ayrılmaz anlayışlar olduğunu göstərir.

Bu gün 108 il əvvəl Bakının azadlığı uğrunda canından keçənlərin ruhu qarşısında baş əyərkən, eyni zamanda onların bizə miras qoyduğu böyük dəyəri də dərk edirik. Çünki zaman dəyişsə də, nəsillər dəyişsə də, xalqları birləşdirən həqiqi dostluq və qardaşlıq öz gücünü qoruyur. Azərbaycan-Türkiyə münasibətlərinin keçdiyi yol bunun ən parlaq təsdiqidir.

Səbinə Salmanova,

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü