30 mart 2026 16:10
135

Gürcüstanın Yeni Patriarxı kim olacaq? – Seçki Öncəsi Vəziyyət

Gürcüstan Katolikos Patriarxı II İlyanın vəfatından sonra ölkədə yeni patriarxın kim olacağı barədə söz söhbətlər səngimir. Müqəddəs Sinod mayın 12-də toplanacaq və həmin gün Gürcüstanın yeni Katolikos-Patriarxının kim olacağı məlum olacaq.

Yeni Patriarxın kim olacağı barədə Katolikos II İlyanın vəsiyyətinin məzmunu bəllidir və o, varisi olaraq Yepiskop Şionu göstərib. Buna baxmayaraq, mediada, xüsusilə radikal müxalifət dairələrində vəsiyyətin mövcud olmadığı və Patriarxlığın saxta sənəd hazırlamağa çalışdığı barədə müzakirələr səngimir. Bəzi din xadimləri müxtəlif namizədlərin adını çəksələr də, mənbənin bildirdiyinə görə, Patriarxın seçdiyi namizəd Sinodda böyük üstünlüyə malikdir.

“İki sahil” xəbər verir ki, AZƏRTAC-ın xüsusi müxbiri yeni Patriarxın seçkisi öncəsi vəziyyəti araşdırıb, namizədliklə bağlı iddialara aydınlıq gətirməyə çalışıb.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib ki, hökumət yeni Patriarxın seçkisinə müdaxilə etməyəcək və belə bir məsələ müzakirə mövzusu deyil. Seçkilər tam şəffaf və mərhum Katolikosun vəsiyyəti də nəzərə alınmaqla baş tutacaq. Lakin müxalifət düşərgəsində məsələyə başqa cür yanaşanlar da var.

Məsələn yerli mətbuatda Nikoz və Tsxinvali Mitropoliti İsaia Çanturianın namizədliyini geri götürməsi barədə məlumatlar yayılsa da, bu informasiya həqiqəti əks etdirmir. Çünki rəsmi olaraq hələ heç kimin namizədliyi irəli sürülməyib. Mitropolit İsaia bu iddiaları təkzib edərək bildirib ki, seçkilərə hələ vaxt var. Heç kim namizəd göstərilməyib, ona görə də kimsə namizədliyini geri götürə bilməzdi. Qalanını zaman göstərəcək.

Eyni zamanda, Qori və Ateni Mitropoliti Andria Qvazavanın "alternativsiz namizəd" olması və Sinodun bu barədə artıq razılığa gəlməsi barədə yayılan məlumatların da dezinformasiya olduğu və kilsə daxilində nifaq salmağa xidmət etdiyi vurğulanır.

Ortada həm də Patriarxlığın rəsmi mövqeyi var.

Patriarxlığın ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri, Protopop Andria Cağmaidze deyib ki, Patriarx II İlya hələ 9 il əvvəl, fəaliyyətdə olduğu dövrdə Yepiskop Şionu varis (taxt naibi) təyin edərək cəmiyyətdəki gərginliyi və gizli vəsiyyət ətrafındakı şayiələri dayandırmaq istəyib:"Patriarx cəmiyyətin narahat olmaması üçün vəsiyyətdə olan iradəsini açıq şəkildə bəyan etdi. 2017-ci ildən bəri Yepiskop Şio Patriarxın xeyir-duası ilə işləri yüksək səviyyədə idarə edir”.

O, qeyd edib ki, seçki prosesi televiziya mübahisələrindən asılı deyil. Yeni Patriarxı Müqəddəs Sinod üzvləri səsçoxluğu ilə seçəcəklər.

Buna baxmayaraq yeni Patriarxa dəstək və Taxt-Tac müzakirəsi səngimir.

Çqondidi Mitropoliti Stefan Yepiskop Şionu dəstəklədiyini açıq şəkildə bəyan edən ilk yüksək rütbəli din xadimidir: "Mən Patriarxın seçiminə inanıram. Yepiskop Şio 9 ildir onun rəhbərliyi altında xidmət edib və heç vaxt özbaşına hərəkət etməyib. Mən başqa bir variant görmürəm".

Mitropolit Stefan həmçinin Yepiskop Nikolozun "Patriarxın taxtı boş saxlanılmalıdır" fikrinə də qarşı çıxıb və deyib: "Bizim boş saxlanılacaq taxtımız yoxdur. Patriarx taxtı elə bir yerdir ki, orada hər zaman ləyaqətli bir varis oturmalıdır. Dünya durduqca bizim Patriarxımız olmalıdır".