25 mart 2026 19:01
111

Macarıstanda Azərbaycan guşəsi

24 mart tarixində Macarıstan Mədəniyyət və İnnovasiyalar Nazirliyinin tabeliyindəki Macarıstan Milli Muzeyinin nəzdində fəaliyyət göstərən Xarici Dillər Milli Kitabxanasında Azərbaycan kitabı guşəsinin açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Macarıstan dövlət qurumlarının rəsmiləri, elmi-mədəni dairələr, yerli KİV təmsilçiləri, gənclər və icma təşkilatları üzvlərinin iştirakı ilə baş tutmuş mərasimdə Macarıstan Milli Muzeyinin Baş direktoru David Rozsa, Macarıstanda səfərdə olan Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, bu ölkədəki səfirimiz Tahir Tağızadə, habelə Macarıstan Mədəniyyət və İnnovasiyalar Nazirliyində mədəni tərəqqi və elm diplomatiyası üzrə dövlət katibinin müavinləri çıxış ediblər.

Çıxışçılar tərəfindən tədbir iştirakçılarına Azərbaycan ilə Macarıstan arasında elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin hazırkı inkişafı, bu istiqamətdə həyata keçirilən layihələr, o cümlədən Azərbaycan Milli Kitabxanası ilə Macarıstan Milli Muzeyi arasında xeyli müddətdir davam edən fəal əməkdaşlıq, Macarıstanın Xarici Dillər Milli Kitabxanasında yeni qurulmuş Azərbaycan kitabları guşəsinin əhəmiyyəti və bu kimi təşəbbüslərin elmi-mədəni əlaqələrimizin ikişafına töhfələri barədə məlumat veriblər.

Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanası tərəfindən Ulu Öndər Heydər Əliyevin həyat yolu və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu dövlət kimi möhkəmlənməsi, Vətən müharibəsindəki şanlı qələbəmiz, “Böyük qayıdış” layihəsi, habelə ölkəmizin qədim tarixi və zəngin mədəni irsindən bəhs edən çoxsaylı kitab və nəşr Macarıstanın Xarici Dillər Milli Kitabxanasına ianə edilib və burada yaradılmış Azərbaycan guşəsində yerləşdirilib.