14 noyabr 2026 10:01
100

“Keçmişdən sabaha yol kəlağayı” kitabının təqdimatı keçirilib 

Mirvarid Dilbazi Poeziya Məclisi İB  və Kəlağayı Ev  Muzeyinin birgə təşkilatçılığı ilə şair  Brilyant Atəşin “Keçmişdən sabaha yol kəlağayı” adlı kitabının təqdimatı keçirildi. Tədbiri Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı açaraq qonaqları salamladı. O, bildirdi ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi hər birimizin mənəvi borcudur. Güllü Eldar Tomarlı çıxışında vurğuladı ki, "Keçmısdən sabaha yol kəlağayı" kitabı müəllifin sayca 5- çi kitabıdır. O qeyd etdi ki, kəlağayının təbliği istiqamətində keçirilən silsilə tədbirlər milli irsimizin daha geniş tanıdılmasına xidmət edir. 

Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.  Tədbir şair Lalə İsmayılın aparıcilığı ilə davam etdi. O, kəlagayı haqqında yazdıgı şeirləri səsləndirdi.

Tədbirdə kitabın redaktoru, tanınmış yazıçı Vaqif Osmanlı çıxış edərək Brilyant Atəşin yaradıcilığindan, kitabın ideyasından və kəlağayının xalqımızın tarixində tutduğu mühüm yerdən danışdı.  Şəhid Zaur İsmayılzadənin anası, qazi Sevil Hüseynova çıxışında milli-mənəvi dəyərlərimizin qorunmasının şəhidlərimizin bizə əmanəti olduğunu vurğulayaraq, belə tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə mühüm töhfə verdiyini bildirdi. 
Tədbirdə  şairlər- Səringül Sadə, Qulu Xaləddinoğlu, Qəzənfər Məsimoğlu, Könül İbrahimsoy,  Əzizə Ağahüseynqizı, Nargilə Yusifqızı, asıq Həqiqət Gədəbəyli, Nemət Turan,məclisin idarə heyyətinin üzvü Səyalı Dadaşova, Yeganə Cəfərova, İlhamə Orucova  milli dəyərlərimiz, kəlağayının tarixi və mənəvi əhəmiyyəti haqqında çıxışlar etdilər, vətənə, milli irsə və Azərbaycan qadınına həsr olunmuş şeirlər səsləndirdilər.
Daha sonra söz kitabın müəllifi Brilyant Atəşə verildi.
Brilyant Atəş çıxışında bu təqdimat mərasiminin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq dedi:
"Bu gün mənim üçün böyük sevinc və qürur günüdür. Bu təqdimat təkcə kitabımın oxucularla görüşü deyil, həm də uzun illər birgə yol gəldiyim qələm dostlarımla, dəyərli ziyalılarımızla növbəti görüşdür. Mən uzun illərdir ki, Güllü Eldar Tomarlı ilə birlikdə Azərbaycanın milli sərvəti olan kəlağayının təbliği istiqamətində fəaliyyət göstərirəm. Bu illər ərzində Şuşada, Gəncədə, Sumqayıtda, Tovuzda, Naftalanda, Qazaxda, Gədəbəydə, Şamaxıda, Şəkidə, İsmayıllıda, Basqal qəsəbəsində, eləcə də ali təhsil müəssisələrində keçirilən kəlağayı festivallarında, sərgilərdə və müxtəlif maarifləndirici tədbirlərdə iştirak etmişəm.
"Keçmişdən sabaha yol kəlağayı' kitabım kəlağayıya həsr etdiyim şeirlərin toplusudur. Bu şeirlərdə xalqımızın milli ruhunu, ana nəsihətini, Azərbaycan qadınının ləyaqətini və kəlağayının mənəvi dəyərini tərənnüm etməyə çalışmışam. Arzum budur ki, gələcək nəsillər milli-mənəvi dəyərlərimizi dərindən tanısın, xüsusilə gənc qızlarımız kəlağayının tarixini, fəlsəfəsini və müqəddəsliyini öyrənsin, onu sevə-sevə yaşatsınlar. Çünki kəlağayı sadəcə bir baş örtüyü deyil – o, xalqımızın tarixidir, mədəniyyətidir, kimliyidir və nəsildən-nəslə ötürülən mənəvi irsidir. Bu irsi qorumaq və yaşatmaq hər birimizin vətəndaşlıq borcudur.

Tədbir çərçivəsində Kəlağayı Ev Muzeyinin  qədim və müasir kəlağayılarının sərgisi və birliyin təşəbbüsü ilə nəşr olunan kəlagayı haqqında 12 kitab nümayiş olundu. Sərgidə Azərbaycanın müxtəlif bölgələrinin kəlağayıçılıq ənənələrini əks etdirən nadir nümunələr təqdim edildi. Qeyd olundu ki, kəlağayı 2014-cü ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş və xalqımızın mədəni irsinin dünyada tanınmasına mühüm töhfə vermişdir. 

Sonda Lalə İsmayıl  vurğuladı ki, təqdimat mərasimi 26 Noyabr – Azərbaycan Kəlağayı Bayramı münasibətilə keçirilən silsilə tədbirlərin növbəti mərhələsidir. Bildirildi ki, silsilə tədbirlər  "Kəlagayı Bayramı" na qədər davam edəcək.  Yekun olaraq 26 noyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində  “Kəlağayı Bayramı” ilə başa çatacaq.