24 mart 2026 14:43
125

Paralimpiya İdman Kompleksində əlilliyi olan 72 şəxsə xidmət göstərilir

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Paralimpiya İdman Kompleksində əlilliyi olan 72 nəfərə müxtəlif xidmətlər göstərilir.

“İki sahil” xəbər verir ki, bu barədə Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib. Məlumata görə, bu ilin ötən dövründə isə müəssisənin xidmətlərindən170-dən çox benefisiar yararlanıb. Kompleksdə əlilliyi olan şəxslərin idmanla məşğul olması və idman bacarıqlarının artırılması, müxtəlif idman yarışlarına hazırlığı, həmçinin tibbi-sosial reabilitasiyasının təşkili sahəsində işlər aparılır. Burada paracüdo, parapauerliftinq, paraüzgüçülük, kamandan oxatma, güllə atıcılığı, tennis, boccia və s. paralimpiya idman növləri üzrə məşqlər keçirilir. Eləcə də peşəkar və həvəskar idman məşğələləri təşkil edilir, sağlam idmana inteqrasiya və sağlam həyat tərzi təbliğ edilir.

Kompleksdə idmançıların yarışlara hazırlığı üçün zəruri şərait yaradılıb. Məşqlər Azərbaycan Milli Paralimpiya Komitəsi ilə əməkdaşlıq çərçivəsində keçirilir.

Müəssisəyə əlilliyi olan şəxslərlə yanaşı, müharibə veteranları, şəhid ailəsi üzvləri və paraidmanın sağlam idmana inteqrasiyasını təmin etmək əqsədilə əlilliyi olmayanlar da qəbul edilir.