Martın 13-də Azərbaycan Milli İncəsənət Muzeyində “Süzəninin yaranışı. Bir tikmə ustasının hekayəsi” adlı sərgi açılıb.
“İki sahil” yazır ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı və Özbəkistanın Azərbaycandaki səfirliyinin, Özbəkistan Respublikasının “Hunarmand” Assosiasiyasının dəstəyi ilə keçirilən layihə Daşkənd tikmə məktəbinin dirçəldilməsi və əsərləri böyük ənənənin müasir davamının nadir nümunəsinə çevrilmiş sənətkar Mədinə Kasımbayevayanın həsr olunub.
Sərginin açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov, sərginin kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Binafşa Nodir, özbək tikmə sənətinin tanınmış nümayəndəsi Mədinə Kasımbayeva, Özbəkistan Respublikası “Hunarmand” Assosiasiyasının sədri Rasuljon Mirzaahmedov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış ediblər.
Çıxışlarda süzəni sənətinin Orta Asiya dekorativ-tətbiqi sənətində tutduğu mühüm yer, Özbəkistanın zəngin tikmə ənənələrinin qorunması və təbliğinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, bu sərgi Azərbaycan və Özbəkistan arasında yüksək mədəni əlaqələrin möhkəmlənməsinə, eləcə də iki xalqın ortaq sənət ənənələrinin təbliğinə öz töhfəsini verəcək.
Sərgidə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova da iştirak edib. O bildirib ki, sərgidə nümayiş olunan zərif əl işləri, xüsusilə ənənəvi suzani sənətinin incəliklərini əks etdirən nümunələr zəngin mədəni irsin və yüksək sənətkarlığın bariz ifadəsi kimi diqqəti cəlb edir: “Ekspozisiyada dünyanın ən böyük əl işi suzanilərindən birinin təqdim olunması isə tədbirə xüsusi maraq qatdı.
Belə mədəni layihələr Azərbaycan və Özbəkistan arasında dostluq münasibətlərinin və mədəni dialoqun daha da möhkəmlənməsinə, ortaq sənət ənənələrimizin geniş auditoriyaya təqdim olunmasına mühüm töhfə verir”.
Deputat sərginin təşkilatçılarına bu gözəl təşəbbüsə və dəvətə görə təşəkkür edib.