04 mart 2026 13:07
102

“Azexport” portalı Azərbaycan zəfəranının qlobal bazarlara ixracını genişləndirir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport” portalı ilə zəfəran məhsulları istehsalçısı “Absheron Saffron” şirkəti arasında işgüzar görüş keçirilib. Görüşün əsas məqsədi ölkəmizdə istehsal olunan zəfəran və ondan əldə edilən müxtəlif təyinatlı məhsulların Amerika Birləşmiş Ştatları, Avropa və Ərəb ölkələrinin bazarlarına çıxarılması istiqamətində birgə əməkdaşlığın qurulmasıdır.

“İki sahil” xəbər verir ki, görüş zamanı “Made in Azerbaijan” brendinin dünyada tanıdılması istiqamətində atılan addımlar çərçivəsində Abşeron zəfəranının unikal keyfiyyət göstəriciləri ətrafında müzakirələr aparılıb. Bildirilib ki, dəniz iqlimi və yodla zəngin münbit torpaqlarda yetişdirilən Abşeron zəfəranı qlobal bazarlarda ən yüksək premium seqmentdə rəqabət aparmaq potensialına malikdir.

Əməkdaşlıq çərçivəsində “Absheron Saffron” şirkətinin istehsal etdiyi xam zəfəranla yanaşı, zəfəranlı bal, müxtəlif çeşiddə meyvə və gül mürəbbələri, kosmetik vasitələr (krem, sabun, gül vannası və s.) və digər məhsulların ixrac coğrafiyasının “Azexport” portalının imkanları vasitəsilə genişləndirilməsi nəzərdə tutulur. Görüşdə məhsulların hədəf bazarların tələblərinə uyğunlaşdırılması, qlobal e-ticarət platformalarında beynəlxalq satışının təşkili və logistika zəncirinin qurulması üzrə ortaq fəaliyyətə dair razılıq əldə olunub.

Qeyd edək ki, sahibkarlar “Azexport” portalında qeydiyyatdan keçərək bütün xidmətlərdən ödənişsiz faydalana bilərlər. Portaldan istifadəyə və həyata keçirilən satışlara görə heç bir komissiya nəzərdə tutulmayıb.