24 fevral 2026 16:30
185

TBMM sədri Numan Kurtulmuş MHP lideri Devlet Bahçeli ilə görüşüb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli ilə bir araya gəlib.

“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, görüşün əsas gündəm mövzusu “terrorizmsiz Türkiyə” prosesi olub. Təxminən yarım saat davam edən görüşdə ölkədə təhlükəsizlik, terrorla mübarizə və bu istiqamətdə atılan siyasi addımlar müzakirə edilib.

Görüşdən sonra mətbuata açıqlama verən TBMM sədri Numan Kurtulmuş bildirib ki, parlament üzərinə düşən məsuliyyəti yerinə yetirib. O, həmçinin Devlet Bahçelinin komissiya yaradılması ilə bağlı dəstəyinə görə təşəkkürünü ifadə edib.

Məlumata görə, tərəflər Türkiyədə sabitliyin möhkəmləndirilməsi və terrorla mübarizə sahəsində siyasi həmrəyliyin qorunmasının vacibliyini vurğulayıblar. Görüş ölkənin daxili siyasi gündəmində mühüm əhəmiyyət daşıyan proseslər fonunda baş tutub.