İŞİD silahlılarının Suriyanın şimal-şərqindəki Rakka vilayətində nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin dörd nümayəndəsi həlak olub.
“İki sahil” SANA agentliyinə istinadən xəbər verir ki, bunu təhlükəsizlik xidmətindəki mənbə bildirib.
Onun məlumatına görə, hücuma eyniadlı vilayətin inzibati mərkəzi olan Rakka şəhərinin qərbində yerləşən məntəqə məruz qalıb. Daxili təhlükəsizlik qüvvələri hücumu dəf edib, hadisə yerinə hərbi polis əməkdaşları göndərilib.
Suriyanın Daxili İşlər Nazirliyi teleqram kanalında bildirib ki, hazırda polis bölmələri ərazinin hərtərəfli yoxlamasını aparır. Əməliyyatın məqsədi hücumu törətmiş terror özəyinin qalan üzvlərini aşkarlayıb məhv etmək və bu rayonda təhlükəsizliyin tam bərpasıdır.
Qeyd edilib ki, bu, son 48 saat ərzində regionda daxili təhlükəsizlik qüvvələrinə edilən ikinci hücumdur. Dünən eyni məntəqəyə oxşar hücum edilib, bir hərbçi həlak olub, bir terrorçu zərərsizləşdirilib.