23 fevral 2026 18:05
206

Gül qızımız, hər zaman gül...

44 günlük haqq savaşımızda yağının bağrına çat salmaqla tarix yazan qəhrəman Vətən sevdalılardan biri də Astara rayonunun Pensər kəndində dünyaya göz açan şəhid Pərvin Təbriz oğlu Salmanzadədir. Özü ömrünün 29-cu ilində bu işıqlı dünyadan getsə da, qaldı ki, xalqı üçün qoyduğu yadigarlar əbədidir. Və əməllərinin mayasında Vətəni sevmək, torpağı qorumaq əzəməti dayanır.

Astaranın igid oğlu 6 noyabr 2020-ci ildə Şuşa şəhərində şəhid olub. Komandirini yağı tərəfindən atılan qəfil güllədən xilas etsə də, öz həyatını canından artıq sevdiyi, adına can dediyi Azərbaycana qurban verən Pərvin milyonların ürəyinə köç etməklə, həm də ölümündən sonra dövlət tərəfindən beş- “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, ”Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medallarına layiq görülüb.

Zəfər şəhidinin Vətənə əmanət qoyduğu qız övladı Gül Pərvin qızı 6 yaşına qədəm qoydu. Gələcəyin ən ləyaqətli vətəndaşı kimi boy atır bu gül qoxulu, mehriban qız. Hər dəfə atasının adı çəkiləndə böyük iftixar hissi duyur, uşaq qəlbi bir daha Vətənə sevdalanır. YAP Astara rayon partiya təşkilatının sədri Həbib Cəfərov da Gülünü təbrikə gələnlərin sırasında idi. O, bildirdi ki, balaca Gülünün atası Pərvin bütün Azərbaycanın fəxridir. Çünki Pərvin Vətənin azadlığı, bizim xoş güzəranımız naminə özünü qurban verib. Bu müqəddəsliyə tapınanlar heç vaxt ölmürlər. Onların ömür yolu günəş kimi parlaq və əbədidir. Eləcə bizlərə əmanət qoyduqları övladları da hər cür sevgi və məhəbbətə layiqdirlər. Əziz şəhidin qızına bu xoş gündə deyirəm:- Şirin-şəkər, gül qoxulu Gül qızımız hər zaman gül. Səni təbrik edir, sağlam və həmişə xoşbəxt olmağını arzulayırıq. Uca Tanrı bizim Gülümüzü qorusun!

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü