Dünyanın müxtəlif ölkələrində peyvəndləməyə münasibətdə skeptisizm artır. Tədqiqatçılar bunu ilk növbədə dövlət institutlarına və ekspertlərə etimadın zəifləməsi ilə əlaqələndirirlər. Peyvənd dozası çox vaxt yalnız tibbi preparat kimi deyil, həm də dövlət hakimiyyətinin simvolu kimi qəbul olunur.
“İki sahil” xəbər verir ki, Lund Universitetinin (İsveç) dosenti Mia-Marie Hammarlinin sözlərinə görə, COVID-19 pandemiyası dövründə Skandinaviya ölkələrində peyvənd skeptiklərinin mövqeyini araşdıran tədqiqat göstərib ki, peyvəndlərə şübhə ilə yanaşanların bir çoxu kifayət qədər məlumatlıdır və çox vaxt xəstəliyin özündən daha çox peyvəndlərin mümkün yan təsirlərindən qorxur. Bununla yanaşı, peyvəndin qəti əleyhdarları nisbətən azdır, belə ki, insanların çoxu seçici yanaşma nümayiş etdirirlər.
Bir sıra ölkələrdə peyvəndləmə səviyyəsinin azalması fonunda qızılca xəstəliyinə yoluxma halları artır. Pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə yoluxma halları xüsusilə Yaxın Şərqdə, Şimali Afrikada, Avropada və Cənub-Şərqi Asiyada təxminən 8 faiz artım göstərib. Qlobal miqyasda milli peyvənd proqramları sayəsində qızılcanın yayılmasını əhəmiyyətli dərəcədə azaltmaq mümkün olub, lakin son onilliklərdə yoluxma səviyyəsinin azalması tempi zəifləyib. Hazırda ən çox yoluxma halları Meksika və ABŞ-də qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatı qızılca, parotit və məxmərək xəstəliklərinə qarşı kollektiv immunitetin formalaşması üçün uşaqların ən azı 95 faizinin peyvənd olunmasını tövsiyə edir.
Mia-Marie Hammarlin qeyd edib ki, kütləvi peyvəndləmə həm də siyasi əhəmiyyət daşıyır.
“Əgər insan dövlətə və siyasətçilərə tənqidi yanaşırsa, peyvənd onun siyasi baxışlarını ifadə etmək vasitəsinə çevrilə bilər”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, hakimiyyətə etimadsızlıq və sosial ədalətsizlik hissi skeptisizmi gücləndirə bilər. Tədqiqatçılar hesab edirlər ki, cəmiyyətdə daha dərin parçalanmanın qarşısını almaq üçün COVID-19 pandemiyasının dərslərini nəzərə almaq və məcburi peyvənd məsələlərinə ehtiyatla yanaşmaq vacibdir.