Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla rüsumlarla bağlı dəyişən vəziyyəti müzakirə etmək üçün Vaşinqtona gedəcəyini elan edib.
“İki sahil” xəbər verir ki, Merts bunu Ştutqartda Xristian-Demokrat İttifaqının qurultayı başa çatdıqdan sonra ARD telekanalına müsahibəsində bildirib.
"Bu, çoxlarının gözlədiyi maraqlı qərardır: Vaşinqtondakı Ali Məhkəmə administrasiyaya gömrük siyasəti məsələlərində onun səlahiyyətlərinin hüdudlarını göstərib", - Merts deyib və hökmün sektoral rüsumlara deyil, ümumi tarif dərəcəsinə aid olduğunu dəqiqləşdirib.
Kanslerin sözlərinə görə, ABŞ Prezidenti ilə danışıqlardan əvvəl "tamamilə aydın Avropa mövqeyi" hazırlamaq məqsədilə Avropa İttifaqı (Aİ) ilə məsləhətləşmələr aparılacaq. "Gömrük siyasəti ayrı-ayrı üzv dövlətlərin deyil, Avropa İttifaqının səlahiyyətidir. Mən Vaşinqtona razılaşdırılmış Avropa mövqeyi ilə gedəcəyəm", - Kansler davam edib.
"İlk növbədə bu (rüsumlar - red.), onları tətbiq edən ölkəyə ziyan vurur", - hökumət başçısı vurğulayıb. Onun sözlərinə görə, Almaniya da yük altındadır, çünki daha az mal göndərir. "Lakin nəticədə ABŞ-də istehlakçılar daha çox ödəməli olur", - Merts izah edib və Amerika məhkəməsinin hökmünü müsbət xəbər adlandırıb. "Görünür ABŞ-də hakimiyyət qollarının bölünməsi hələ də fəaliyyət göstərir və bu, yaxşı xəbərdir", - o yekunlaşdırıb.
"Bild" qəzetinin məlumatına görə, Kansler martın əvvəlində ABŞ-yə səfər edəcək və Prezident Donald Trampla görüşəcək. Ağ Evdə görüş martın 3-nə planlaşdırılıb.