Uşaqların sağlam ruhda böyüməsi gələcəyimiz üçün vacibdir. Onların inkşafına təsir edəcək bütün amillərə diqqət yetirməlidirlər. Bu inkişafda məktəbəqədər təhsil müəssisələrinin də böyük təsiri var. Bağçanın uşağın inkişafında əsas faydaları nədir və bağçaya başlamaq üçün ən uyğun yaş hansıdır,- bu kimi suallara aydınlıq gətirmək üçün psixoloq Həcər Cabbarova ilə həmsöhbət olduq.
Psixoloq bildirdi ki, elmi və psixoloji praktiki yanaşmalara əsasən, uşaqlar üçün ən optimal yaş qrupu üçdür. Çünki bu yaşdan sonra uşaqlar evdə qalmaq və böyüklərlə vaxt keçirməkdən sıxılırlar. Bu yaşda olan uşaqlar öz yaşıdları ilə vaxt keçirmək istəyir, ana ilə emosional bağ zəifləyir. Ona görə də, bu yaş dövründə uşaqların özünə qulluq bacarıqları inkişaf edir və özlərini güvəndə hiss edirlər.
Valideynlər uşaqlarının bağçaya qoyulmasına hazır olub, olmadığına əmin olmalıdırlar. Bu məsələdə fərdilik prinsipinə toxunulmalı və valideynlər uşaqlarının həssas xüsusiyyətlərini nəzərə almalıdır.
Fərdilik prinsipi nədir və validenlər bu qərarda nəyi nəzərə almalıdır?
Temperament tipinə nəzər yetirsək görərik ki, bəzi uşaqlar çevik və aktiv olaraq, müxtəlif mühitlərdə özlərini aparmağı bacaran uşaqlardır. Lakin bəzi uşaqlar isə düşdükləri mühitdə özlərini çox həssas, qorxaq və çəkingən göstərirlər, belə uşaqlar bağçaya gec uyğunlaşır. Həmçinin uşaqların emosiyalarını idarə edə bilməsi vacibdir. Bunun üçün valideynlər uşaqlara çox diqqət etməlidir. Eyni zamanda uşaqlarda nitq inkişafı da vacib hesab edilir. Uşağın özünü ifadə etmə bacarığı varsa, bağça ona əlverişli mühit olacaq. Amma nitqi formalaşmayıbsa, bağça ona çox çətin gələcək. Vacib məsələlərdən biri də uşaqların ana ilə mühüm təmasııdır. Əgər bu təmas çox güclüdürsə həm anaya, həmdə uşağa mənfi təsir göstərəcək.
Uşağın tez, yəni 0-2 yaş aralığında bağçaya qoyulması, onun ana ilə daha möhkəm bağ qurduğu bir dönəmdir. Buna görə yaş dövrü mütləq nəzərə alınmalıdır. Bağçaya erkən yaşlarda qoyulan uşaqlara psixoloji problemlər yaranmağa başlayır. Uşaqlarda kəkələmə, yuxu və yemək pozuntuları, dırnaq yemək, hətta sidik qaçırma halları yarana bilir. Belə olduğu halda mütəxəssisə müraciət edib, dəstək olmaq vacibdir.
Uşaqların nə tez, nə də gec bağçaya qoyulması tövsiyə olunmur. 4-5 yaş aralığında uşaqlar mühitə uyğunlaşmaqda çətinlik çəkirlər. Onlar ünsiyyət qurmaq və oyunlarda iştirak etməkdən qaçınırlar. Bu da cəsarətsizlik yaradır, belə məqamlarda da mütəxəssislə məsləhətləşmək lazımdır.
Bağçanın uşağın inkişafına bir çox sahələrdə faydası var. Bunlara düşünmə, qərar qəbul etmə və duyğularını anlama bacarıqlarının inkişafı aiddir. Əlavə olaraq aktiv oyunlar vasitəsilə uşaqlar fiziki olaraq inkişaf edir. Həmçinin lövhədə yazma, şəkil çəkmə və hər hansı əl işləri vasitəsilə diqqət vermə bacarıqları da formalaşır.
Valideynlərə müraciət edərək bildirmək istəyirik ki, uşaqlarınızın sağlam şəxsiyyət olmasını istəyirsinizsə, onların kiçik yaşlarından sosial mühitdə formalaşmasını dəstəkləyin.
Səriyyə Salahova,
Naxçıvan televiziyasının redaktoru