20 fevral 2026 10:42
126

Ramiz Rzayev: Hakimlər cəmiyyətin ədalətə olan inamının əsas təminatçısıdırlar

Müasir dövrdə məhkəmə hakimiyyətinin qarşısında duran vəzifələr təkcə hüququ tətbiq etməklə məhdudlaşmır. Hakimlər cəmiyyətin ədalətə olan inamının əsas təminatçısıdırlar. Bu inam isə yalnız peşəkarlıq, obyektivlik və qanunun aliliyi prinsiplərinə sadiqliklə deyil, eyni zamanda, institusional güc, həmrəylik və davamlı inkişafla möhkəmlənir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev Bakıda keçirilən Azərbaycan Hakimlərinin II Forumunda açılış nitqi zamanı səsləndirib.

Onun sözlərinə görə, bugünkü forum Azərbaycan məhkəmə hakimiyyəti üçün xüsusi məna və əhəmiyyət daşıyan bir dövrə təsadüf edir.

"Prezident İlham Əliyev tərəfindən 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistanın Baş naziri ilə imzalanmış birgə bəyanat Azərbaycanın beynəlxalq münasibətlərdə prinsipial mövqeyini, dövlətimizin suverenliyə, ərazi bütövlüyünə, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini aydın şəkildə ifadə edir. Belə bir mərhələdə məhkəmə hakimiyyətinin rolu xüsusilə ön plana çıxır. Çünki hüququn aliliyi, ədalət mühakiməsinin obyektiv və müstəqil həyata keçirilməsi və cəmiyyətdə hüquqa inamın möhkəmləndirilməsi məhz güclü və müstəqil məhkəmə hakimiyyəti vasitəsilə təmin olunur",- deyə Ramiz Rzayev qeyd edib.