20 fevral 2026 12:01
234

Vaşinqtonda Azərbaycanın sülh diplomatiyası və bərpa modeli qlobal maraq doğurur - Kamran Bayramov

Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçirilən "Sülh Şurası"nın ilk iclasında iştirakı Azərbaycanın xarici siyasət strategiyasının növbəti möhtəşəm qələbəsi olmaqla yanaşı, ölkəmizin qlobal diplomatik müstəvidəki sarsılmaz statusunu təsdiq edir. ABŞ Prezidenti Donald Trampın şəxsi dəvəti əsasında reallaşan bu iştirak, rəsmi Bakının beynəlxalq təhlükəsizlik arxitekturasında oynadığı həlledici rolun və dövlət başçımızın dünya miqyasındakı ali liderlik nüfuzunun Vaşinqton tərəfindən birmənalı şəkildə qəbul edilməsinin bariz göstəricisidir.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirdi.

K.Bayramov qeyd etdi ki, Azərbaycanın belə yüksək səviyyəli və nüfuzlu platformada təmsil olunması təkcə regional deyil, həm də qlobal miqyaslı diplomatik uğur kimi qiymətləndirilir. Sülh Şurası çərçivəsində ölkəmizin ön sıralarda yer alması Azərbaycanın artıq hadisələri sadəcə izləyən deyil, qlobal proseslərin istiqamətini müəyyənləşdirən və strateji qərarların qəbulunda fəal iştirak edən güc mərkəzinə çevrildiyini nümayiş etdirir. Xüsusilə, tədbir əsnasında ABŞ Prezidenti Donald Trampın çıxışı zamanı bir neçə dəfə bilavasitə Azərbaycan Prezidentinə xitab etməsi və onun liderliyinə xüsusi önəm verməsi təsadüfi xarakter daşımır. Bu diplomatik xitab rəsmi Bakının qlobal sülhün və təhlükəsizliyin təminatındakı əvəzolunmaz fəaliyyətinə verilən ən ali beynəlxalq qiymətdir.

Deputat diqqətə çatdırdı ki, tədbirin ən diqqətçəkən məqamlarından biri Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş olub. İki liderin əl sıxmasının Prezident Donald Tramp tərəfindən xüsusi vurğulanması Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqların və sülh naminə atdığı addımların qlobal miqyasda legitimliyini bir daha təsdiqləyir. Bu diplomatik jest Azərbaycanın təkcə regional deyil, həm də qlobal sülhün və təhlükəsizliyin təminində mühüm və etibarlı tərəfdaş kimi qəbul edildiyini nümayiş etdirir.

K.Bayramov vurğuladı ki, Sülh Şurasının gündəliyi həmçinin mühüm humanitar və iqtisadi məsələləri də əhatə etmişdir. İclasda Qəzza bölgəsi ilə bağlı xüsusi maliyyə fondunun yaradılması, bərpa-quruculuq işlərinin və genişmiqyaslı humanitar missiyaların həyata keçirilməsi əsas müzakirə mövzularından biri kimi önə çıxıb. Azərbaycanın bu cür qlobal humanitar təşəbbüslərdə iştirakı və beynəlxalq bərpa proseslərindəki təcrübəsi şuranın işinə mühüm töhfə vermişdir. Xüsusilə vurğulanmalıdır ki, ölkəmiz münaqişədən sonrakı mərhələdə bərpa və quruculuq sahəsində qazandığı unikal təcrübəni beynəlxalq platformalarda bölüşmək əzmindədir. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri belə missiyalar üçün mükəmməl model və nümunə kimi qiymətləndirilir.

K.Bayramov əlavə etdi ki,  Azərbaycanın xarici siyasətində humanitar yardım məsələləri hər zaman prioritet olub. Ölkəmiz həm BMT institutları vasitəsilə, həm də ikitərəfli əsasda Fələstinə mütəmadi humanitar yardımlar göstərib. Gələcək perspektivdə kommersiya şərtləri və investisiya layihələri çərçivəsində Azərbaycan tərəfindən müvafiq investisiyaların həyata keçirilməsi mümkün ola bilər. Bununla belə, hazırkı mərhələdə müzakirə olunan 7 milyard dollar məbləğində fond çərçivəsində Azərbaycanın hər hansı maliyyə iştirakı nəzərdə tutulmur-ölkəmizin töhfəsi daha çox texniki təcrübə, humanitar dəstək və gələcək investisiya imkanları müstəvisində qiymətləndirilir.

Beləliklə, rəsmi Bakı qlobal humanitar böhranların həllində maliyyə öhdəliklərindən daha çox, post-münaqişə dövrünün bərpa modelini təqdim edərək prosesə strateji dəyər qazandırır. Bu yanaşma Azərbaycanın beynəlxalq arenada təkcə bir donor deyil, həm də sülh quruculuğu sahəsində intellektual və praktiki həllər təklif edən vacib tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.

Şəmsiyyə Əliqızı, “İki sahil”