20 fevral 2026 13:15
104

Yeni beynəlxalq nizamda Azərbaycanın strateji rolu yeni müstəviyə yüksəlir - Azər Həsrət

Müasir beynəlxalq münasibətlər sisteminin köklü transformasiya mərhələsindən keçdiyi bir dövrdə, mövcud qlobal idarəetmə mexanizmlərinin yeni reallıqlara adekvat cavab verə bilməməsi “Sülh Şurası” kimi yeni platformaların yaranmasını tarixi zərurətə çevirmişdir. Təcrübə göstərir ki, ənənəvi beynəlxalq təşkilatlar və institutlar hazırda dünya ictimaiyyətinin üzləşdiyi mürəkkəb təhlükəsizlik və humanitar problemləri həll etmək iqtidarında deyillər. Xüsusilə, dünyada davam edən dağıdıcı müharibələr və silahlı münaqişələr fonunda beynəlxalq sülhün qorunması mexanizmlərinin səmərəsizliyi daha kəskin şəkildə özünü göstərir. Belə bir mürəkkəb şəraitdə Vaşinqtonda fəaliyyətə başlayan Sülh Şurası qlobal sülh modelinin yenidən qurulması istiqamətində mühüm addım hesab olunur.

Bu fikirləri siyasi şərhçi Azər Həsrət ”İki sahil”ə açıqlamasında bildirib.

A.Həsrət qeyd edib ki, bu mötəbər toplantıda Azərbaycanın ən yüksək səviyyədə təmsil olunması ölkəmizin beynəlxalq arenada artan nüfuzunu və Prezident İlham Əliyevin yüksək dövlətçilik məharətini nümayiş etdirir. ABŞ Prezidenti Donald Tramp tərəfindən Azərbaycanın bu prosesə cəlb edilməsi rəsmi Bakının təkcə regional deyil, həm də qlobal sülh gündəliyində həlledici tərəfdaş kimi qəbul edilməsini göstərir. Şuranın ilk iclasında Azərbaycanın post-münaqişə dövrünə dair təqdim etdiyi bərpa və quruculuq təcrübəsi isə beynəlxalq ictimaiyyət tərəfindən ən uğurlu modellərdən biri kimi diqqət mərkəzində olub. Azərbaycanın sülh və bərpa prosesindəki fəallığı təkcə diplomatik səviyyədə deyil, həm də praktik müstəvidə özünü göstərir. Ölkəmiz Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı layihələrlə münaqişədən sonrakı yenidənqurma işləri üçün yeni beynəlxalq standart müəyyən etmişdir. 

A.Həsrət əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər zaman sülh təşəbbüslərinin ön sıralarında yer almışdır. İclas zamanı Prezident Donald Trampın ölkəmizin başçısına göstərdiyi xüsusi rəğbət və xitabları Azərbaycanın sülh quruculuğu sahəsindəki fəaliyyətinə verilən ən ali qiymətdir. Beləliklə, rəsmi Bakı köhnəlmiş beynəlxalq təsisatların boşluqlarını özünün praktiki nailiyyətləri və sülhə sadiqliyi ilə dolduraraq, yeni qlobal nizamın formalaşmasında mühüm strateji sütunlardan birinə çevrilmişdir.