19 fevral 2026 16:26
114

Qan donorluğu prosesində təhlükəsizlik necə təmin olunur?

Qan donorluğu prosesində təhlükəsizliyin yüksək səviyyədə təmin olunması əsas prioritetlərdəndir və bu məqsədlə kompleks profilaktik tədbirlər görülür. Qanvermədən öncə donor olmaq istəyən şəxs xüsusi sorğu vərəqəsini dolduraraq sağlamlıq vəziyyəti ilə bağlı sualları cavablandırır. Tibbi müayinə zamanı arterial təzyiq, nəbz, bədən temperaturu, boy, çəki və hemoqlobin səviyyəsi yoxlanılır. Donor olmaq istəyən şəxsin ümumi sağlamlıq vəziyyəti qiymətləndirilir, qanverməyə əks göstərişlərin olub-olmaması müəyyən edilir. Yalnız sağlam və müəyyən edilmiş meyarlara uyğun şəxslər donor kimi qəbul olunur. Qanvermə prosesi tam steril şəraitdə həyata keçirilir. Yalnız birdəfəlik, steril tibbi ləvazimatlardan istifadə edilir. Qanvermə zamanı donorun vəziyyəti tibb personalı tərəfindən davamlı nəzarətdə saxlanılır. 

Səhiyyə Nazirliyinin Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev “İki sahil”ə müsahibəsində söyləyib.

İcraçı direktor vurğulayıb ki, qanvermədən sonra donor müəyyən müddət müşahidə altında qalır, ona istirahət etmək və bol maye qəbul etmək tövsiyə olunur. Donor qanı laborator şəraitdə İİV, sifilis, Hepatit B və C infeksiyalarına qarşı analiz olunur. Görülən bütün bu tədbirlər həm donorun, həm də resipiyentin sağlamlığının qorunmasına, eləcə də qan tədarükü prosesinin təhlükəsiz və etibarlı şəkildə təşkilinə xidmət edir.

Yaqut Ağaşahqızı,” İki sahil”