Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) nümayəndələri radioaktiv maddələrin qanunsuz dövriyyəsinin qarşısını alıb. Qurumun sədr müavini Laşa Maqradzenin verdiyi məlumata görə, əks-kəşfiyyat və xüsusi əməliyyat departamentlərinin əməkdaşları Kutaisi şəhərində iki xarici vətəndaşı saxlayıblar.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Rəsmi açıqlamaya əsasən, saxlanılan şəxslər təxminən 3 milyon ABŞ dolları müqabilində uran və sezium-137 əldə etməyə cəhd göstəriblər. İstintaqın ilkin versiyasına görə, həmin maddələrin başqa bir ölkəyə çıxarılması planlaşdırılırdı. Bildirilir ki, bu radioaktiv materiallardan terror məqsədləri üçün də istifadə oluna bilərdi.
DTX nümayəndəsinin sözlərinə görə, şübhəlilər bir neçə həftə ərzində tez-tez Gürcüstana səfər edərək həm alış, həm də daşınma prosesinə hazırlıq görüblər. Onların adları və vətəndaşlıqları istintaqın maraqları naminə açıqlanmır.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 230-cu maddəsi – “Nüvə materiallarının, radioaktiv maddələrin və ya radioaktiv şüalanma mənbələrinin qanunsuz dövriyyəsi” üzrə cinayət işi başlanıb. Həmin maddə üzrə təqsirli bilinən şəxsləri 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Hazırda istintaq tədbirləri davam etdirilir və hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır.