Almaniya kansleri Friedrich Merts sosial şəbəkələrin uşaqlar tərəfindən istifadəsinə məhdudiyyət qoyulmasını dəstəklədiyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə məlumatı "Reuters" yayıb.

Bu barədə o, Xristian-Demokrat İttifaqı (CDU) partiyasının illik konqresinin Ştutqart şəhərindəki açılışında çıxışı zamanı bildirib. Kanslerin sözlərinə görə, uşaqlar və cəmiyyət üçün ciddi təhlükə yaradan əsas amillərdən biri süni şəkildə yayılan yalan xəbərlər və digər onlayn manipulyasiyalardır.
Merts çıxışında vurğulayıb ki, sosial şəbəkələrdə yayılan yalan xəbərlər və uydurma məlumatlar həm cəmiyyətin daxildən, həm də xaricdən sarsıdılmasına səbəb ola bilər, uşaqlar və gənclər isə bu təsirdən daha çox əziyyət çəkir. O, deyib: “Biz icazə vermək istəyirik ki, süni şəkildə yaradılmış yalan xəbərlər və uydurma videolar sosial şəbəkələrdə yayılsın? Biz icazə verək ki, cəmiyyətimiz bu şəkildə sarsıdılıb, uşaqlarımız və gənclərimiz təhlükə altında qalsın?”
Kansler qeyd edib ki, iki il əvvəl bu məsələyə fərqli baxırmış və sosial şəbəkələrin algoritmlərinin, süni intellektin və hədəflənmiş təsirin ölçüsünü kifayət qədər qiymətləndirmirmiş. O, uşaqları mərhələli şəkildə sosial şəbəkələrlə tanış etmə ideyasını da rədd edib və bunu altı yaşlı uşaqlara spirtli içkilər öyrətmək kimi təhlükəli hesab edib.