18 fevral 2026 22:36
106

Azərbaycanda ötən il beynəlxalq qurumlarla 235 milyon dollarlıq yeni kredit sazişləri təsdiqlənib

Azərbaycanda ötən il beynəlxalq maliyyə institutları ilə təqribən 235 milyon ABŞ dolları ekvivalentində yeni kredit sazişləri təsdiqlənib.

“İki sahil” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə qurumda keçirilmiş növbəti kollegiya iclasında məlumat verilib.

İclasda bildirilib ki, hesabat ilində xəzinə vəsaitlərindən səmərəli istifadə nəticəsində dövlət borcuna xidmət xərclərinə 300,1 milyon manat qənaət edilib, həyata keçirilən təkrar maliyyələşdirmə əməliyyatları çərçivəsində qısamüddətli istiqrazlar uzunmüddətli istiqrazlarla əvəz olunub, borc portfelinin strukturunda müsbət dəyişiklik təmin edilib. Dövlət istiqrazları üzrə orta ödəmə müddəti əhəmiyyətli səviyyədə artaraq 3,3 il təşkil edib.

Məlumat verilib ki, funksional fəaliyyətinə uyğun olaraq Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi dövlət borcalması həyata keçirir, borc üzrə uçot və hesabatlılığı təmin edir, təhlillər aparır. Ötən il ölkənin suveren kredit reytinqinin qiymətləndirilməsi üçün beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlıq digər aidiyyəti dövlət orqanları ilə koordinasiyalı şəkildə həyata keçirilməsi təmin edilib.

Kollegiyanın sədri Azərbaycanda dövlət borcunun idarə olunması sahəsində beynəlxalq təcrübənin tətbiqinin genişləndirilməsi, 2026-2030-cu illər üzrə "Dövlət borcunun idarə edilməsinə dair Strategiya" sənədinin hazırlanması və Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq bir sıra hüquqi institusional çərçivələrin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.