18 fevral 2026 16:00
158

TPAO Bolqarıstanda kəşfiyyat işlərinə başlayır - “SHELL” İLƏ TƏRƏFDAŞLIQ SAZİŞİ

Türkiyə Petrolları Anonim Ortaklığı (TPAO) beynəlxalq əməkdaşlıq istiqamətində atdığı addımlar davam edir. Şirkət bu dəfə Böyük Britaniyanın enerji nəhəngi “Shell” ilə tərəfdaşlıq razılaşması imzalayıb. Razılaşmaya əsasən, TPAO və “Shell” Bolqarıstanın dəniz sektoru daxilində yerləşən “Xan Tervel” sahəsində neft və təbii qaz üzrə kəşfiyyat işlərini birgə həyata keçirəcək.

TPAO bundan əvvəl yanvarın 8-də “ExxonMobil”, fevralın 5-də “Chevron”, fevralın 12-də isə BP ilə imzaladığı sazişlərdən sonra “Shell” ilə bağlanan “Tərəfdaşlıq Sazişi”nin imzalanma mərasimi İstanbulda keçirilib.

Sənədi TPAO-nun baş direktoru Cem Erdem və “Shell” şirkətinin vitse-prezidenti Eugene Okpere imzalayıb.

Bolqarıstanın müstəsna iqtisadi zonasındakı tərəfdaşlıq

Tədbirdə iştirak edən Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, razılaşma çərçivəsində TPAO Bolqarıstanın müstəsna iqtisadi zonasında yerləşən “Blok 1-26” Xan Tervel sahəsi üzrə neft və qaz kəşfiyyatı layihəsinə tərəfdaş kimi qoşulub. Layihənin operatoru “Shell” şirkətidir.

A.Bayraktar imzalanma mərasimindən sonra verdiyi açıqlamada qeyd edib ki, ilin əvvəlindən etibarən Türkiyə Petrollarının xaricdə fəaliyyətinin genişləndirilməsi strategiyası çərçivəsində beynəlxalq razılaşmalar ardıcıl şəkildə davam etdirilir.

“Xan Tervel” sahəsində ilkin mərhələ: Seysmik tədqiqatlar

A.Bayraktar vurğulayıb ki, “Xan Tervel” sahəsi təxminən 3 800 kvadratkilometrdən artıq ərazini əhatə edir və Türkiyənin mühüm qaz yataqlarından birinə yaxın məsafədə yerləşir. Onun sözlərinə görə, ilkin mərhələdə seysmik tədqiqatlar aparılacaq, növbəti mərhələdə isə kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur. Layihə üzrə təxminən 5 illik lisenziya müddəti planlaşdırılır.

Türkiyənin dənizdə neft-qaz kəşfiyyatı və hasilatı sahəsində qazandığı təcrübənin beynəlxalq əməkdaşlıq üçün mühüm rol oynadığını bildirən Alparslan Bayraktar qeyd edib ki, xarici şirkətlər güclü tərəfdaşa ehtiyac duyurdu və bu baxımdan “Shell” Türkiyə Petrollarını üstün tərəfdaş kimi seçib.

Orxan Vahidoğlu, “İki sahil”