18 fevral 2026 12:31
47

Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Asiya İnkişaf Bankının (AİB) Dövlət Sektorunun İdarə Edilməsi Ofisinin Direktoru Navendu Karanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

“İki sahil” xəbər verir ki, görüşdə Dövlət Vergi Xidməti ilə Asiya İnkişaf Bankı arasında mövcud əməkdaşlıq çərçivəsi, həyata keçirilən və planlaşdırılan texniki yardım təşəbbüsləri müzakirə olunub. Tərəflər vergi inzibatçılığının təkmilləşdirilməsi, daxili resursların səfərbər olunması və fiskal dayanıqlılığın gücləndirilməsi istiqamətində aparılan islahat tədbirləri barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda, elektron ticarətin vergiyə cəlb edilməsi ilə bağlı yeni texniki layihənin başlanılması imkanları müzakirə edilib. Bu istiqamətdə beynəlxalq təcrübənin tətbiqi, rəqəmsal nəzarət mexanizmlərinin gücləndirilməsi və inzibatçılıq alətlərinin təkmilləşdirilməsi məsələlərinə toxunulub.

Görüş zamanı vergi orqanında yeni texniki layihələr üzrə mümkün əməkdaşlıq istiqamətləri də nəzərdən keçirilib. Tərəflər əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin qarşılıqlı maraqlara xidmət etdiyini vurğulayıblar.