Auditorlar Palatasında auditor adını almaq üçün imtahanlardan müvəffəqiyyətlə keçən şəxslərin andiçmə mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Auditorlar Palatası məlumat yayıb.
Bildirilib ki, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov Prezident İlham Əliyevin auditor peşəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edərək, iqtisadiyyatın rəqəmsallaşması, innovasiyaların və süni intellektin tətbiqi dövründə ölkədə aparılan uğurlu islahatları, bu sahədə auditorların üzərlərinə düşən vəzifələri və məsuliyyəti onların diqqətinə çatdırıb. O, qeyd edib ki, hazırda auditorlar maliyyə hesabatlılığı ilə yanaşı, qeyri-maliyyə, dayanıqlı inkişafa dair hesabatlılığın tərtib edilməsində də iştirak etməli, peşə fəaliyyətlərində rəqəmsallaşmanı və süni intellekt məhsullarını daha geniş tətbiq etməlidirlər. O cümlədən, Azərbaycan qanunlarının, beynəlxalq audit standartlarının, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə riayət etməli, auditor adını daim yüksək tutmalı və bu ada hər zaman sadiq qalmalı, göstərdikləri xidmətləri obyektiv, müstəqil, dürüst və keyfiyyətli şəkildə həyata keçirilməlidirlər.
Daha sonra auditorlar onlara göstərilən yüksək etimada görə təşəkkürlərini bildirərək vəzifələrini vicdanla, dürüst və qərəzsizcəsinə yerinə yetirəcəklərinə, peşə fəaliyyətlərində dempinq və haqsız rəqabət hallarına yol verməyəcəklərinə dair and içiblər.
Tədbirin yekununda Vahid Novruzov auditor peşəsinə yeni addımlarını atan şəxslərə uğurlar arzulayıb və palatanın rəhbərliyi tərəfindən onlara ölkədə auditor fəaliyyətini həyata keçirmək üçün müvafiq icazələr və Auditorlar Palatasının üzvlüyünə dair “Döş nişanları” təqdim edilib.