15 fevral 2026 19:20
114

Azərbaycan hazırda dövlət idarəçiliyini və iqtisadi inkişaf modelini rəqəmsal transformasiya üzərində qurmağa çalışır

Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirə Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıracaq strateji fəaliyyət planının əsas istiqamətlərini hökumət üzvlərinin və, həmçinin, geniş ictimaiyyətin diqqətinə çatdırdı.

Ölkəmizin süni intellekt, data mərkəzləri və kibertəhlükəsizlik sahələrindəki hədəfləri, mövcud enerji resursları və əlverişli coğrafi mövqe kimi üstünlükləri var. Dövlət xidmətlərinin "mygov" platforması üzərindən vahid mərkəzdən idarə edilməsi və dövlət qurumları arasında sıx koordinasiyanın yaradılması planlaşdırılır. Yeni arxitektura, Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafını təmin etmək üçün rəqəmsallaşmanı dövlət siyasətinin mərkəzinə qoyur.

Azərbaycanın Asiya ilə Avropa arasında və Şimal-Cənub dəhlizi üzərində yerləşməsi ölkəmizə rəqəmsal bağlantılar sahəsində də mühüm üstünlük qazandırır. Yaxın gələcəkdə ölkəmiz bu istiqamətlərdə rəqəmsal qovşağa çevrilə bilər. Azərbaycanın şərq sahillərini birləşdirəcək fiber-optik kabel layihəsinin bu il başa çatacağı gözlənilir. Bu layihə ölkənin informasiya infrastrukturunu gücləndirəcək və regionla əlaqələri yeni səviyyəyə qaldıracaq.

Xəzər dənizinin dibi ilə çəkilməsi planlaşdırılan fiber-optik kabel layihəsi — Trans-Xəzər Fiber-Optik Kabel Xətti — Avropa ilə Asiyanı birləşdirən “Rəqəmsal İpək Yolu” meqalayihəsinin əsas elementlərindən biridir. Bu kabel Azərbaycanın Sumqayıt şəhəri ilə Qazaxıstanın Aktau şəhəri arasında birbaşa rəqəmsal bağlantı yaradacaq. Layihə Azərbaycanın şərq istiqamətində kommunikasiya imkanlarını gücləndirməklə yanaşı, qərb istiqamətində də yeni bağlantıların qurulmasını nəzərdə tutur və ölkənin regional kommunikasiya şəbəkəsinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, Azərbaycan və Türkmənistan arasında (Siyəzən–Türkmənbaşı marşrutu üzrə) oxşar kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası razılaşma mövcuddur. Bu təşəbbüs təkcə texnoloji yenilik deyil, həm də insanların gündəlik həyatına təsir edən mühüm infrastruktur layihəsidir. Daha sürətli və dayanıqlı internet, enerji təchizatının sabitliyi və ixrac imkanlarının genişlənməsi iqtisadi artımı və sosial rifahı gücləndirəcək. Eyni zamanda, regionda yeni iş yerlərinin yaranmasına və innovativ imkanların artmasına şərait yaradacaq.

Data mərkəzləri üçün əlverişli imkanlar ölkəmizi investisiyalar baxımından Avropa ölkələri üçün də cəlbedici edir. Məsələn, rəqəmsal iqtisadiyyat, süni intellekt və data mərkəzlərinin yaradılması Azərbaycan–Slovakiya əməkdaşlığının yüksələn istiqamətlərindən biridir. Azərbaycanın bu sahədə üstünlüyü iki əsas amildən qaynaqlanır. Ən başlıcası, diversifikasiya olunmuş enerji resurslarına malik olmağımızdır ki, data mərkəzlərinin işləkliyi üçün ehtiyac duyduğu da enerjidir. Həmçinin, iqlim müxtəlifliyi ölkədə ilboyu soyuq bölgələrin mövcudluğu data mərkəzlərinin səmərəli fəaliyyətinə imkan yaradır. Çünki nəhəng data mərkəzləri gecə-gündüz işləyir və qızır. Onların soyuq saxlanılması üçün böyük soyutma sistemlərindən istifadə olunur. Bu isə, böyük enerji və su sərfiyyatı deməkdir. Ancaq bu kimi data mərkəzləri iqlim soyuq bölgədə yerləşdirilərsə, su və enerji sərfiyyatı azalar.

Azərbaycanın hazırda 10 min meqavata bərabər olan generasiya gücünün ən azı 2 min meqavatı istifadə edilməyən gücdür. Bu sərbəst resurs rəqəmsal infrastrukturun və süni intellekt texnologiyalarının inkişafı üçün hazır baza rolunu oynayır. Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, coğrafi vəziyyət və enerji müstəqilliyi ölkənin uzunmüddətli, dayanıqlı inkişafını təmin edən və beynəlxalq texnoloji şirkətləri ölkəyə cəlb edən əsas amillərdir. Yaşıl enerji növləri üzrə imzalanmış müqavilələr gələcəkdə enerji generasiya gücünü daha da artıracaq ki, bu da rəqəmsallaşma prosesinin dayanıqlılığını təmin edəcək.

Dövlət Başçımız açıq şəkildə qeyd edir ki, Avropa texnoloji şirkətləri hazırda ABŞ nəhəngləri ilə rəqabətdə "ən azı bir nəsil geridədirlər". Məhz bu səbəbdən ABŞ ilə imzalanmış “Strateji Tərəfdaşlıq Xartiyası” ölkəmizin data mərkəzləri və süni zəka ekosistemi üçün böyük əhəmiyyət kəsb edir. Çin ilə "Hərtərəfli Strateji Tərəfdaşlıq" və Avropa İttifaqının 10 ölkəsi ilə olan sazişlər Azərbaycanı qlobal texnoloji ekosistemin qovşağına çevirir.

Azərbaycan hazırda dövlət idarəçiliyini və iqtisadi inkişaf modelini rəqəmsal transformasiya üzərində qurmağa çalışır. Bu prosesin mərkəzində süni intellekt texnologiyalarının tətbiqi dayanır. Süni intellekt agentlərinin dövlət qurumlarında istifadəsi qərarvermə proseslərini daha dəqiq, sürətli və şəffaf edir, idarəetmədə insan faktorundan qaynaqlanan riskləri azaldır. Eyni zamanda, hər bir nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul rəhbərlərin təyin olunması süni zəkanın hər  sahədə artıq strateji prioritetə çevrildiyini göstərir. Lakin rəqəmsal arxitekturanın dayanıqlığı təkcə texnologiyadan asılı deyil. Bu sistemin gücü insan kapitalı və kibertəhlükəsizlik imkanları ilə müəyyən olunur. Son illərdə baş verən kiberhücumlar sübut edib ki, bu sahə sadəcə texniki məsələ deyil, milli təhlükəsizlik məsələsidir. Buna görə də təhsil sisteminin yenilənməsi, yeni mütəxəssislərin hazırlanması və rəqəmsal bacarıqların inkişafı strateji hədəf kimi önə çıxır.

Bu yanaşma Azərbaycanın enerji potensialını texnoloji və intellektual resurslarla birləşdirməyə yönəlib. Məqsəd yalnız elektron xidmətlərin sayını artırmaq deyil, ölkəni regionda rəqəmsal innovasiya və kommunikasiya mərkəzinə çevirməkdir. Coğrafi mövqe, enerji imkanları və beynəlxalq tərəfdaşlıqlar bu transformasiyanın əsas hərəkətverici qüvvələri kimi çıxış edir.

Milli Məclisin deputatı

Pərvanə Vəliyeva