12 fevral 2026 11:50
246

İsmayıllı və Qəbələdə taxılçılıqla bağlı yeni təlimlər keçirilib

Aqrar Xidmətlər Agentliyi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında mövcud əməkdaşlıq çərçivəsində növbəti maarifləndirici tədbir həyata keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə agentlikdən məlumat verilib.

Bildirilib  ki, bu çərçivədə Aqrar Təlim Mərkəzi tərəfindən İsmayıllı və Qəbələ rayonlarında “Dəmyə taxılçılıqda məhsuldarlığın artırılması yolları” mövzusunda təlimlər təşkil olunub. Sessiyalar peşəkar ekspert Rasim Zamanov tərəfindən aparılıb. Tədbirdə fermerlərlə yanaşı, bu sahə üzrə mütəxəssislər və tələbələr də iştirak ediblər.

Keçirilən təlimlərin əsas məqsədi fermerlərin dəmyə şəraitində taxıl istehsalı sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək olmaq, eyni zamanda düzgün aqrotexniki yanaşmalar vasitəsilə məhsuldarlığın yüksəldilməsinə töhfə vermək olub.

Təlim proqramı çərçivəsində dəmyə şəraitində tətbiq olunan müasir aqrotexniki tədbirlər, torpaqdan səmərəli istifadə üsulları, torpaq analizinin əhəmiyyəti, məhsuldarlığa təsir edən əsas amillər, həmçinin istehsal prosesində qarşıya çıxa biləcək risklərin azaldılması yolları barədə iştirakçılara ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Tədbir çərçivəsində fermerlərə Aqrar Siğorta Fondunun əməkdaşları tərəfindən buğda və arpa sahələrinin sığortalanması, aqrar sığorta haqlarının hesablanması və ödənişi ilə bağlı məlumat verilib.

Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən regionlarda mütəmadi olaraq keçirilən bu cür təlimlər fermerlərin bilik və bacarıqlarının artırılmasına, qabaqcıl təcrübələrin yayılmasına və kənd təsərrüfatında dayanıqlı istehsalın təmin olunmasına xidmət edir. Bu təşəbbüslər, eyni zamanda, aqrar sahədə səmərəliliyin yüksəldilməsinə və fermerlərin gəlirlərinin artmasına mühüm töhfə verir.