11 fevral 2026 17:53
115

Sahibə Qafarova Ərəb Parlamentinin prezidenti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova fevral 11-də ölkəmizdə rəsmi səfərdə olan Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahi ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə Ərəb Parlamentinin prezidentinin ölkəmizə ilk rəsmi səfəri yüksək qiymətləndirilib, bu səfərin iki qurum arasında münasibətlərin daha da inkişafına, əməkdaşlıq imkanlarının genişlənməsinə və əlaqələrin dərinləşməsinə mühüm töhfə verəcəyinə dair əminlik ifadə olunub.

Sahibə Qafarova qonaqla müxtəlif beynəlxalq tədbirlər çərçivəsində keçirilmiş görüşləri, o cümlədən ötən ilin noyabrında Qahirədə baş tutmuş ikitərəfli görüşü və bu ilin yanvarında Əbu-Dabidə Aralıq Dənizi Parlament Assambleyasının Qadın Parlament Forumunun 2-ci sessiyasında birgə iştiraklarını məmnunluqla xatırladıb.

Söhbətdə Azərbaycan ilə ərəb ölkələri arasında münasibətlərin ortaq tarix, dini-mənəvi dəyərlər və qarşılıqlı hörmət prinsipləri əsasında uğurla inkişaf etdiyi qeyd olunub.

Ərəb ölkələri ilə münasibətlərin dərinləşdirilməsinə və əlaqələrin parlament xətti ilə inkişaf etdirilməsinə xüsusi diqqət yetirildiyini deyən spiker Sahibə Qafarova qeyd edib ki, Milli Məclisdə ərəb ölkələri parlamentlərinin əksəriyyəti ilə işçi qruplar fəaliyyət göstərir və qarşılıqlı səfərlər, görüşlər həyata keçirilir, əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanır, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirilir.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Ərəb Parlamentinin Prezidenti Məhəmməd Əhməd Əl-Yammahi Azərbaycana rəsmi səfərindən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə təəssüratlarını bölüşən qonaq, ölkə başçısının Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olunması istiqamətində apardığı yorulmaz fəaliyyətini yüksək qiymətləndirib.

Parlamentlərimiz arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deyən qonaq, rəhbərlik etdiyi qurumun Milli Məclis, eləcə də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə yaratdığı əməkdaşlıq və dialoqun parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün möhkəm zəmin olduğunu vurğulayıb.

Parlamentin spikeri Azərbaycan parlamentinin strukturu və fəaliyyəti barədə məlumat verərək siyasi partiyaların və qadınların parlamentdə təmsilçiliyindən, eləcə də parlamentə son seçkilərin keçirilməsindən bəhs edib və parlamentin hazırkı çağırışının Azərbaycanın bütün suveren ərazisində keçirilən seçkilərdən sonra formalaşdığını diqqətə çatdırıb.

Görüşdən sonra qonaq Milli Məclisin Xatirə kitabını imzalayıb.

Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyəti parlamentin plenar iclas zalı və Milli Məclisin foyesində yaradılmış 44 günlük Vətən müharibəsinə həsr edilmiş “Zəfər guşəsi” ilə tanış olub.