Bu sənədi ABŞ–Azərbaycan münasibətlərini taktiki əməkdaşlıqdan uzunmüddətli və çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən yol xəritəsi kimi dəyərləndirmək olar. ABŞ-ın Azərbaycanla münasibətlərə verdiyi bu yüksək siyasi qiymət təsadüfi deyil. Azərbaycan regionda sabitliyin, təhlükəsizliyin və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, balanslaşdırılmış və prinsipial xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində söz sahibi olan, etibarlı və proqnozlaşdırıla bilən dövlət imici qazanmışdır. Qlobal güc mərkəzlərinin güclü liderlərin rəhbərlik etdiyi dövlətlərlə əməkdaşlığa üstünlük verməsi müasir beynəlxalq siyasətin dəyişməz reallığıdır. Strateji tərəfdaşlıq çərçivəsində logistika və nəqliyyat əlaqələrinin inkişafı xüsusi önəm kəsb edir. Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi, Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat xətlərinin kəsişməsində mühüm tranzit qovşağına çevrilməsi ABŞ üçün regionda alternativ və etibarlı marşrutların formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Bu kontekstdə Trip yolunun açılması regional ticarətin canlanmasına, iqtisadi inteqrasiyanın dərinləşməsinə və Cənubi Qafqazın geoiqtisadi rolunun artmasına mühüm töhfə verəcək. Hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıq da ikitərəfli münasibətlərin vacib istiqamətlərindən biridir. Müdafiə sahəsində siyasi dialoq, təhlükəsizlik risklərinə qarşı birgə yanaşmalar, sülhməramlı təşəbbüslər və hərbi əməkdaşlıq mexanizmləri regional sabitliyin möhkəmləndirilməsinə xidmət edir. ABŞ üçün Azərbaycan Cənubi Qafqazda təhlükəsizlik baxımından etibarlı və məsuliyyətli tərəfdaş kimi xüsusi əhəmiyyətə malikdir. Münasibətlərin yeni mərhələsində süni intellekt, rəqəmsal iqtisadiyyat və yüksək texnologiyalar sahəsində əməkdaşlıq da prioritet istiqamətlərdən biri kimi ön plana çıxır. Rəqəmsal transformasiya, ağıllı idarəetmə sistemləri, kibertəhlükəsizlik və innovativ texnoloji həllər üzrə birgə layihələr Azərbaycanın modern inkişaf strategiyasına uyğun olmaqla yanaşı, ABŞ-ın qabaqcıl texnoloji təcrübəsinin regiona transferi üçün geniş imkanlar yaradır.
Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq isə artıq ənənəvi çərçivələri aşaraq yeni məzmun qazanır. Azərbaycan yalnız enerji istehsalçısı deyil, eyni zamanda regional və qlobal enerji təhlükəsizliyinin mühüm təminatçılarından biri kimi çıxış edir. “Yaşıl enerji”, bərpa olunan enerji mənbələri, enerji keçidi və dayanıqlı enerji infrastrukturu istiqamətində ABŞ–Azərbaycan əməkdaşlığı qlobal çağırışlara cavab verən strateji model formalaşdırır. Səfərin regional sülh kontekstində də xüsusi çəkisi vardır. ABŞ Azərbaycanın regionda sülhün bərqərar olunması istiqamətində atdığı ardıcıl və konstruktiv addımları dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlar dayanıqlı sülh üçün real imkanlar yaradıb. Bu prosesdə Azərbaycanın təşəbbüskar mövqeyi və beynəlxalq hüquqa əsaslanan yanaşması ABŞ tərəfindən də etibarlı və legitim yol kimi qəbul olunur. ABŞ vitse-prezidentinin səfəri, eyni zamanda, Azərbaycan Prezidentinə və ölkəmizin yürüdüyü siyasətə olan yüksək etimadın göstəricisidir. Bu etimad uzun illər ərzində formalaşmış siyasi sabitlik, güclü dövlət idarəçiliyi və beynəlxalq öhdəliklərə sadiqlik nəticəsində qazanılmışdır. ABŞ hər zaman regional və qlobal proseslərdə məsuliyyətli mövqe sərgiləyən, etibarlı tərəfdaşlarla əməkdaşlığa üstünlük verir.
Ümumilikdə, Ceyms Devid Vensin Azərbaycana səfəri ABŞ–Azərbaycan münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu səfər qarşılıqlı siyasi etimadı daha da möhkəmləndirməklə yanaşı, gələcəkdə daha genişmiqyaslı əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Azərbaycanın güclü liderlik modeli, regional sabitliyə verdiyi töhfələr və strateji baxışı beynəlxalq tərəfdaşlar üçün etibarlı seçim olduğunu bir daha təsdiqləyir.
Mehriban Vəliyeva,
Milli Məclisin deputatı
Azərbaycan-ABŞ strateji tərəfdaşlığı turizmin inkişafına da güclü təkan verəcək
Kamran Bayramov: Azərbaycan-ABŞ yeni strateji tərəfdaşlığı əməkdaşlığın genişlənməsinə xidmət edir