11 fevral 2026 11:13
173

Səfir: Türkiyə-Azərbaycan münasibətləri Cənubi Qafqazda daha geniş iqtisadi inteqrasiyaya zəmin yaradır

Rəqəmsal transformasiya, süni intellekt və maliyyə texnologiyaları Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının yeni prioritet istiqamətləri kimi müəyyən edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Azərbaycan–Türkiyə İKT Biznes Forumunda çıxışı zamanı bildirib.

Səfir qeyd edib ki, Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının 12-ci iclası çərçivəsində 2026-cı ilədək icrası nəzərdə tutulan 110 maddədən ibarət fəaliyyət planı hazırlanıb.

“Sənəddə rəqəmsallaşma, innovasiya, süni intellekt, maliyyə texnologiyaları və yüksək texnologiyalar sahəsində əməkdaşlıq xüsusi yer tutur. İki ölkə arasında ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq hədəfi müəyyən olunub və bu məqsədə nail olmaq üçün ənənəvi sektorlarla yanaşı, yüksək əlavə dəyər yaradan texnoloji sahələrdə də birgə fəaliyyət genişləndirilməlidir. Enerji, inşaat, kənd təsərrüfatı və digər sahələrdə formalaşmış güclü əməkdaşlıq bazası artıq texnoloji transformasiya ilə tamamlanmalıdır”, - deyə səfir əlavə edib.

B.Akgün diqqətə çatdırıb ki, qurulan tərəfdaşlıq modeli yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır, Cənubi Qafqaz və Xəzər regionunda daha geniş iqtisadi inteqrasiyaya zəmin yaradır.