06 fevral 2026 12:38
94

Azərbaycan milli maraqlar və bəşəri dəyərlər əsasında Cənubi Qafqazda dayanıqlı sülhə nail olur

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi qlobal sülh, dinlərarası dialoq və humanitar dəyərlərin təşviqi baxımından mühüm siyasi məna daşıyan hadisə kimi yadda qalacaqdır. Bu mötəbər mükafata Prezident İlham Əliyevin layiq görülməsi son illər regionda əldə olunmuş sabitliyin, qarşılıqlı etimada əsaslanan siyasətin və sülh təşəbbüslərinin beynəlxalq səviyyədə yüksək səviyyədə dəyərləndirilməsinin bariz göstəricisidir.

Prezident İlham Əliyev çıxışında Şeyx Zayedin adını daşıyan mükafata layiq görülməsini böyük şərəf kimi dəyərləndirib və münsiflər heyətinə dərin minnətdarlığını ifadə edib. Dövlətimizin başçısı artıq altı aydır ki, sülh şəraitində yaşadığımızı qeyd edib. Müstəqillik dövründə ilk dəfə olaraq davamlı sabitlik mərhələsinə qədəm qoyulması bütövlükdə Cənubi Qafqaz üçün dönüş nöqtəsi kimi xarakterizə edilir. Vaşinqtonda keçirilən Zirvə Görüşü bu prosesin mühüm mərhələsi olub. Həmin görüşdən sonra tərəfdaşlıq və əməkdaşlıq istiqamətində real addımlar atılıb, uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş başlanıb. Üçtərəfli formatda əldə olunan razılaşmalar Qarabağ məsələsinin siyasi yollarla həllinin mümkünlüyünü sübut edib.

Sülh prosesi yalnız siyasi bəyanatlar və imzalanmış sənədlərlə məhdudlaşmayıb, real həyatda konkret nəticələrlə müşayiət olunub. Əldə edilən razılaşmalar praktik müstəviyə daşınaraq iqtisadi və humanitar sahələrdə ardıcıl addımların atılmasına şərait yaradıb. Bu isə göstərir ki, əldə olunan anlaşma formal xarakter daşımır, gündəlik həyatın bütün istiqamətlərinə sirayət edən davamlı prosesə çevrilib.

İlk növbədə, yük daşımalarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması region üçün yeni logistik imkanlar formalaşdırıb. Uzun illər bağlı qalan yolların açılması təkcə iki tərəf arasında ticarətin canlanmasına deyil, bütövlükdə Cənubi Qafqazda nəqliyyat marşrutlarının şaxələndirilməsinə, tranzit potensialının artmasına və iqtisadi fəallığın yüksəlməsinə təkan verib. Bu addım regionu beynəlxalq ticarət xəritəsində daha cəlbedici məkana çevirərək əlavə investisiyaların cəlb olunmasına da zəmin yaradır.

Enerji məhsullarının ixracına başlanması isə əməkdaşlığın daha strateji səviyyəyə yüksəldiyini göstərir. Enerji sahəsi hər zaman təhlükəsizlik və etimad tələb edən həssas istiqamət hesab olunur. Məhz bu sahədə qarşılıqlı fəaliyyətin qurulması tərəflər arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirir. Bu amil həm iqtisadi səmərəlilik yaradır, həm də qarşılıqlı asılılıq mexanizmini gücləndirərək sülhün dayanıqlığını artırır. İqtisadi maraqların üst-üstə düşməsi sabitliyi möhkəmləndirən ən təsirli amillərdəndir. Birgə layihələr və ortaq bazar imkanları qarşıdurma ehtimalını minimuma endirir, əməkdaşlığı isə zəruri seçimə çevirir.

Prezident İlham Əliyevin çıxışında mərasimin keçirildiyi şəhərin xüsusi simvolik əhəmiyyəti də diqqətə çatdırılıb. Dövlətimizin başçısı vurğulayıb ki, hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür. Son danışıqlar raundunun məhz burada baş tutması və yekun razılaşmanın formalaşması Əbu-Dabini artıq diplomatik görüş məkanından daha geniş məna daşıyan bir platformaya çevirib. Bu şəhər indi sülhün təşəkkül tapdığı tarixi məkana çevrilib. Belə bir şəraitdə təqdim olunan mükafat əldə olunmuş nailiyyətlərin beynəlxalq səviyyədə təsdiqi kimi dəyərləndirilir.

Prezident İlham Əliyevin qeyd etdiyi məqam ondan ibarət idi ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Əgər tərəflər barışa hazırdırsa və beynəlxalq ictimaiyyət konstruktiv mövqe sərgiləyirsə, ən çətin problemlər belə həll oluna bilər. Həmin təcrübə bu gün müharibə və gərginlik yaşayan digər bölgələr üçün də yol xəritəsi rolunu oynaya bilər. Siyasi dialoq, qarşılıqlı hörmət və iqtisadi əməkdaşlıq münaqişələrin aradan qaldırılmasının ən effektiv vasitələridir.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması humanizm, tolerantlıq və sülh dəyərlərinin təntənəsi kimi yadda qalıb. Bu mükafat bütövlükdə sülhə yönəlmiş dövlət siyasətinin, regionda sabitliyin bərqərar olunması istiqamətində atılan addımların beynəlxalq arenada etiraf edilməsi anlamına gəlir. Əbu-Dabidən dünyaya verilən mesaj aydındır, qarşıdurmaların yerini əməkdaşlıq, düşmənçiliyin yerini qarşılıqlı anlaşma tutur. Güclü iradə və düzgün strategiya olduqda sülh sadəcə arzu deyil, real nəticəyə çevrilir.

Asif Əsgərov,
Milli Məclisin deputatı