Naxçıvan Muxtar Respublikasının 2023–2027-ci illər üzrə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq kommunal infrastrukturun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
“İki sahil” xəbər verir ki, Proqram çərçivəsində, Culfa şəhərində yaşıllaşdırma, abadlıq və digər kommunal təyinatlı işlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir tələblərə cavab verən yeni texnikalar satın alınaraq istifadəyə verilib. Görülən işlərin əsas məqsədi əhalinin kommunal xidmətlərlə təminat səviyyəsinin yüksəldilməsi, şəhər və rayonlarda abadlıq, yaşıllaşdırma və təsərrüfat işlərinin daha səmərəli təşkili ilə bağlıdır.
Belə ki, Culfa rayon Kommunal Müəssisələri Kombinatına 20 kubmetr həcmli “Foton Auman” markalı su tankeri, YS 904 markalı traktor və 4,5 tonluq 7CX-4 markalı traktor qoşqusu verilib. Bununla yanaşı, Culfa şəhər Mənzil İstismar Sahəsinin istifadəsinə 20 kubmetr həcmli “Foton Auman” su tankeri, 8 tonluq “Foton HFL5225” markalı avtokran və 6 tonluq “Foton Aumark” markalı özüboşaldan texnika təqdim olunub.
Yeni texnikaların istismara buraxılması Culfa rayonunda kommunal xidmətlərin operativliyini artırmaqla yanaşı, abadlıq və yaşıllaşdırma işlərinin günün tələblərinə uyğun şəkildə həyata keçirilməsinə, həmçinin xidmət keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək.