Artıq 6 aydır ki, dövlətimizin başçısının atdığı qəti addımlar sayəsində Cənubi Qafqazda de-fakto sülh mühiti formalaşdırılıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, son aylar sülh artıq ticarət sahəsi də daxil olmaqla, praktik müstəviyə keçib. Azərbaycan Qazaxıstandan və Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Bundan əlavə, Azərbaycan Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlayıb. Bütün bunlar isə o deməkdir ki, artıq Ermənistana dəmir yolu və kommunikasiya xətlərinin açılması praktik icraya keçib. Bəli, uzun illər regionun inkişafını ləngidən blokada öz yerini ikitərəfli və çoxtərəfli əməkdaşlığa verib. Sərhədlərin delimitasiyası üzrə işçi qrupları da texniki məsələlərin icrasını sürətləndiriblər.
Üstəlik, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) - Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində mühüm addımlar atılıb. Şübhəsiz, bu da Azərbaycan–Ermənistan münasibətlərində etimadın formalaşması və sülh gündəliyinə öz töhfəsini verən strateji hadisədir. Onu da qeyd edək ki, bu kimi məsələlərdə hər iki ölkənin vətəndaş cəmiyyətlərinin, daha doğrusu, "xalq diplomatiyası”nın da birgə səyləri mühüm rol oynayıb.
Bütün bunlar göstərir ki, ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olub. Dövlətimizin başçısının sözləri ilə desək, bu altı ay iki ölkə arasında münasibətlərin inkişafı baxımından çox mühüm olmuşdur. Bu fakt isə Ermənistan-Azərbaycan münaqişəsinin artıq geridə qaldığını bir daha təsdiqləyir. Xatırladaq ki, həmin Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflanıb, həmçinin Birgə Bəyannamə imzalanıb. Bununla da üç onillikdən artıq davam edən qanlı və ölüm saçan münaqişəyə son qoyulub. Şübhəsiz, sülh, sabitlik, qarşılıqlı anlaşma olmadan bunları həyata keçirmək mümkün olmazdı. Bir məsələni də xüsusi vurğulayaq ki, əgər Azərbaycan 44 günlük müharibədə Zəfər qazanmasaydı, lokal antiterror əməliyyatı ilə erməni daşnaklarlını ərazisindən qovub çıxarmasaydı, mütilik nümayiş etdirsəydi regionda nə sülhdən, nə də sabit gələcəkdən danışmaq olardı.
Prezident İlham Əliyevin fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüşündə bu kimi məsələlər bir daha gündəmə gətirilib. Görüşdə tərəflər əldə olunan irəliləyişləri alqışlamaqla yanaşı, hazırda mövcud olan bu müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini vurğulayıblar. Onlar, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnuqlarını bildirib, vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayıb və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər.
Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan TRIPP və digər bağlantı layihələrinin həyata keçirilməsini müzakirə ediblər. Şübhəsiz, TRIPP-in liderlər səviyyəsində müzakirəsi regionun gələcəyini qlobal müstəviyə daşıyır. Bu, həm də Qafqazın gələcəyində yeni bir səhifənin açılacağından xəbər verir. Yeri gəlmişkən qeyd edək ki, iqtisaçıların fikrincə, TRIPP Ermənistanı uzun illər davam edən təcriddən çıxarmaqla yanaşı, bu ölkəyə hər il milyonlarla dollar birbaşa tranzit gəliri gətirəcək. Türkiyə Orta Dəhliz marşrutu üzrə mövqelərini möhkəmləndirərək Mərkəzi Asiya ölkələri ilə əlaqələri fəallaşdıracaq. Bununla da TRIPP bütöv bir regionun taleyini dəyişəcək.
Bəli, dünyanın getdikcə parçalanmış vəziyyətə düşdüyü bir vaxtda Prezident İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan sülh və əməkdaşlıq prosesinin geri dönməz olduğunu dünyaya nümayiş etdiriblər. Özü də kənar vasitəçilərin müdaxiləsi olmadan. Bununla da region ölkələrinin talelərinin özlərinin əlində olduqlarını göstəriblər. Şübhəsiz, müsbət tendensiyanın davamlı olması Ermənistanın sülh prosesinə nə dərəcədə sadiq qalacağından asılı olacaq. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sülh gündəliyi təkcə iki ölkə üçün deyil, daha geniş region, həmçinin dünya üçün də böyük əhəmiyyət kəsb edir. Bu mənada bu nümunə müharibə vəziyyətində olan ölkələr üçün də yol xəritəsi ola bilər.
Qvami Məhəbbətoğlu, “İki sahil”