06 fevral 2026 09:30
159

Dostluq körpülərinin qurulması əsas çağırışlardandır - TƏHLİL

Dövlət başçısı İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərdə, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində səsləndirilən fikirlər Azərbaycanın qətiyyətli mövqeyinin, ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətinin uğurlarının növbəti təqdimatı oldu

Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizin və suverenliyimizin bərpasının reallıqları fonunda bu çağırışı səsləndirmiçdir ki, müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Biz indi, İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcək.

Ümumiyyətlə, istər Qərb, istərsə də Şərq dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması müstəqil Azərbaycanın xarici siyasətinin prioritet xəttini təşkil edir. Bunun üçün təkcə cari ilin ötən dövründə cənab İlham Əliyevin xarici səfərlərinə, iştirak etdiyi tədbirlərin mahiyyətinə və say tərkibinə, keçirdiyi görüşlərdə müzakirə olunan məsələlərlə bağlı Azərbaycanın mövqeyinə verilən önəmə diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev ənənəvi olaraq hər il keçirilən Davos Dünya İqtisadi Forumunun 56-cı iclasında iştirak etdi, qarşı tərəflərin müraciətləri əsasında bu və ya digər ölkələrin, tanınmış şirkətlərin liderləri ilə görüşlər keçirdi, dövrün çağırışları ətrafında geniş fikir mübadiləsi apararaq Azərbaycanın bütün sahələrdə malik olduğu imkanların əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə yeni üfiqlər açdığı diqqətə çatdırıldı. Həmçinin cənab İlham Əliyevin Forum çərçivəsində “Euronews” televiziyasına müsahibəsi Azərbaycan həqiqətlərinin, dünyaya nümunə olan sülh quruculuğu modelinin, ölkəmizin uğurlarını, müstəqil siyasətini həzm edə bilməyən dairələrin atdıqları addımları şərtləndirən amillərin təqdimatı oldu. Prezident İlham Əliyev həmin müsahibədə Avropa Parlamentinin daim ölkəmizə tənqidi münasibətinə Azərbaycanın reaksiyasına diqqəti yönəldərək bir daha bildirdi ki, biz reaksiya verməyi dayandırmışıq. Keçmişdə biz reaksiya verirdik. Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik. Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır. Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər.

Bu fikirləri xatırlatmağımız təbii ki, səbəbsiz deyil. Bu gün dünya dövlət başçısı İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsinin fonunda bir daha Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətinin, sülh quruculunun uğurlu nəticələrinin şahidinə çevrilib. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində bu mükafatın təqdimolunma mərasimi keçirildi. Bu mərasim, eyni zamanda, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri münasibətlərinin də dünəninə, bugününə və gələcəyinə bir baxış oldu. Bu fikirlər iştirakçı ölkələrin liderlərinin videomüraciətlərində də öz əksini tapdı. Vurğulandı ki, Şeyx Zayed Mükafatı güclü mənəvi mesaj daşıyır. O, qardaşlığın təhlükəsizlik, inkişaf və insan ləyaqətinin təmin edilməsi üçün universal prinsip və praktiki təməl olduğunu bir daha təsdiqləyir. Bu mükafat Şeyx Zayed bin Sultan Al Nəhyanın dözümlülük, qarşılıqlı hörmət və dinc birgəyaşayışa əsaslanan davamlı irsini təcəssüm etdirir. Dövlətimizin başçısı İlham Əliyev çıxışında “Dinlərarası dialoqun inkişafına verdikləri töhfəyə, həmçinin sivilizasiyaların bir-birinə daha da yaxınlaşması istiqamətində göstərdikləri səylərə görə Əl-Əzhərin böyük imamı, doktor Əhməd Əl-Tayyibə və Roma Papası, Zati-müqəddəsləri Leoya dərin minnətdarlığımı bildirmək istəyirəm. Mərasimə ünvanladıqları xoş müraciətlərində bir daha Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan bütün həmkarlarıma da minnətdarlığımı bildirirəm. Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir. Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq” söyləyərək onu da əlavə etdi ki, biz sülh şəraitində yaşamağı öyrənirik. Sizə deyə bilərəm ki, bu, xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa da minnətdarlığını bildirən cənab İlham Əliyev vurğuladı ki, o, 2025-ci il avqustun 8-də üçtərəfli Zirvə Görüşünə ev sahibliyi etmişdir. Həmin Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflanmış, həmçinin Birgə Bəyannamə imzalanmışdır. Prezident Tramp şahid qismində həmin sənədi də imzalamış və bununla da üç onillikdən artıq davam edən qanlı və ölümcül münaqişəyə son qoyulmuşdur.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev videomüraciətində bu məqamı xüsusi qeyd etdi ki, bu gün dəyişkən dünyada məsuliyyətli liderlərə, sarsılmaz siyasi iradəyə və problemlərin dialoq vasitəsilə həllinə böyük ehtiyac duyulur. Hazırkı mürəkkəb beynəlxalq vəziyyətdə bu tərzdə qəbul edilən ibrətamiz qərarlar dövlətlər və xalqlar arasında sabitlik bünövrəsini və güclü etimad yarada bilər. Lakin sülh kimi qiyməti olmayan nemət öz-özünə yaranmır. Sülh cəsarəti, digərini dinləmək və ən çətin şəraitdə belə güzəştlər yolunu tapmaq, qəbul edilmiş qərarlar üzrə məsuliyyət daşımaq bacarığını tələb edir.

Tarix göstərir ki, uzunmüddətli və dayanıqlı artım yalnız güzəştlər, qarşılıqlı hörmət və ehtiram mühiti yolu ilə əldə oluna bilər. Şeyx Zayedin “İnsan Qardaşlığı Mükafatı”nın laureatlarını – Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevi və Ermənistan Respublikasının Baş naziri Zati-aliləri Nikol Paşinyanı səmimiyyətlə təbrik etmək mənim üçün böyük şərəfdir. Uzun sürmüş münaqişəni rasional şəkildə həll etmək və sülhə nail olmaq naminə həmin siyasi liderlərin birgə səyləri, heç şübhəsiz, bu nüfuzlu mükafata layiqdir. Əldə olunmuş razılaşma problemin həllində məsuliyyətli yanaşmanın, bütöv regionumuzda sabitliyin təmin edilməsi istiqamətində atılmış tarixi addımın bariz nümunəsidir. Biz istənilən mübahisənin, münaqişənin yalnız beynəlxalq hüquq və mehriban qonşuluq əsasında siyasi və diplomatik vasitələrlə həllinin tərəfdarıyıq. Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinin beynəlxalq arenada humanist təşəbbüslərin fəal şəkildə təşviqinə, dialoqun ardıcıl şəkildə gücləndirilməsinə, Əbu-Dabinin qlobal sülh mərkəzinə çevrilməsinə verdiyi olduqca dəyərli töhfəsinə görə təşəkkürünü bildirən Şavkat Mirziyoyev bu əminliyi ifadə etdi ki, bu cür nəcib və mərhəmətli işlər beynəlxalq ictimaiyyətin sülhün və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş ümumi səylərinə yeni təkan verəcək.

Dövlətimizin başçısı İlham Əliyev mükafatlandırma mərasimini və münsiflər heyəti ilə bütün dostlarımız tərəfindən səylərimizin qiymətləndirilməsinin olduqca ruhlandırıcı olduğunu önə çəkərək bu çağırışı diqqətə çatdırdı ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür.

Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri də multikulturalizmi həyat tərzinə çevirməsidir. Bunun üçün tolerant, multikultural dətərlərin inkişafına davamlı töhfələr verən Azərbaycanın bu istiqamətdə atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Şərqlə Qərbin qovuşağında yerləşən ölkəmiz müxtəlif dinləri, mədəniyyətləri bir araya gətirərək onların arasında körpü rolunu oynayır. Bu baxımdan Azərbaycanın ərəb dünyası ilə dərin tarixi-mədəni bağlılığı var. Ərəb ölkələri də mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə edib. İslamofobiya meyillərinə qəti şəkildə qarşı çıxan Azərbaycan 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü əsasında başladılan “Bakı Prosesi” sayəsində müsəlman ölkələri ilə Avropa dövlətlərinin nümayəndələrini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib. Məhz bu proses çərçivəsində Azərbaycan tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları təşkil edilir.

Azərbaycanla müasir dünyada öz inkişafı ilə seçilən Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Bu gün Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyə də inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından həqiqətən də bir çox ölkələr üçün nümunədir.

Azərbaycan və BƏƏ neft kapitalının insan kapitalına çevrilməsi çağırışını yüksək səviyyədə yerinə yetirən ölkələrdir. Ötən il Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə üç dəfə səfər etdi. Qarşılıqlı əməkdaşlıq çərçivəsində BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan da ölkəmizdə rəsmi səfərdə oldu. Liderlərin intensiv təmasları Azərbaycan-BƏƏ münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. Bu görüşlər yalnız siyasi dialoqu möhkəmləndirmir, eyni zamanda, iqtisadi və hərbi əməkdaşlığın da dinamikasını artırır. Azərbaycan və BƏƏ arasında energetika sahəsində tərəfdaşlıq prioritet istiqamətlərdən biridir. 2025-ci il iyulun 9-da imzalanmış “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” isə ikitərəfli iqtisadi münasibətlərdə keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Dövlət başçısı İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində iki ölkənin iqtisadi və hərbi sahədə əlaqlərinin inkişafına xidmət edəcək sənədlər imzalandı. Həmçinin Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izlədilər. Təlimin əsas məqsədi ölkələrimizin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, dayanıqlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.

Günümüzün reallığı budur ki, Azərbaycanın istər regionda, istərsə də dünyada nüfuzu gündən-günə artır. Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Bunu dünya ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla əməkdaşlıqda maraqlı olmaları da təsdiqləyir. Prezident İlham Əliyevin xarici ölkələrə, həmçinin dünya ölkələrinin liderlərinin isə Azərbaycana səfərləri, heç şübhəsiz, dövlətimizin beynəlxalq əlaqələrinin genişlənməsinə töhfəsini verməkdədir. Strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-BƏƏ münasibətində yeni səhifə açan səfərlərdən biri təbii ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın ötən il Azərbaycana reallaşdırdığı rəsmi səfər oldu. Bu səfər Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən-Füzulidən başladı, Şuşada Prezidentlərin görüşləri, sənədlərin imzalanması keçirildi. Prezidentlər, həmçinin azad Şuşada, Füzulidə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə tanış oldular. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın ölkəmizə rəsmi səfəri çərçivəsində atılan addımlar iki ölkənin münasibətlərinin təqdimatında əhəmiyyətli rol oynamaqla yanaşı, tarixi Zəfərimizin yaratdığı reallıqlar əsasında azad edilmiş ərazilərimizdə görülən işləri daha yaxından izləmək imkanı yaratdı. Bu, münasibətlərimizin yüksələn xətlə inkişafının göstəricilərindən biridir. Azərbaycana dost, tərəfdaş ölkələrin dövlət başçılarının azad edilmiş torpaqlarımızda görülən işlərlə maraqlanmaları, eyni zamanda, bərpa-quruculuq işlərinə dəstəkləri dövlətimiz, xalqımız tərəfindən yüksək dəyərləndirilir.

Ərəb Dövlətləri Liqasının bütün üzvləri Azərbaycanın 4 il sədrlik etdiyi Qoşulmama Hərəkatının da üzvləridir. Ölkəmizin ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti qurumun beynəlxalq hüfuzunun artmasında əhəmiyyətli rol oynadı. Azərbaycanın quruma sədrliyi dövrü mühüm addımlarla yadda qaldı.

Qısa təhlil Azərbaycanın xarici siyasətinin prioritetləri olan sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışlarının reallıqda özünün aydın ifadəsini tapmasının təqdimatıdır. Azərbaycan 30 il dünya güclərinin ikili standartlara əsaslanan siyasətini özünə qarşı münasibətdə aydın şəkildə görsə də ruhdan düşmədi. Əksinə sülh, ədalət, beynəlxalq hüquq çağırışlarını davam etdirdi. Çünki ölkəmiz hər bir məsələdə bu prinsiplərə söykənir, onların ədalətli həllinə öz töhfələrini verməyə çalışıb, bu gün də həmin siyasətini uğurla davam etdirir. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması mərasimində səsləndirilən fikirlər də bunu təsdiq edir. Azərbaycana beynəlxalq baxış hər zaman yüksək səviyyədə olub. Dünyada qütbləşmə prosesinin getdiyi bir vaxtd ölkəmiz daim birləşdirici, sabitləşdirici actor kimi dünyanın diqqətində olub. Təkcə koronovirus infeksiyasına qarşı mübarizə tədbirlərinin aparıldığı dövrə nəzər salmaq kifayətdir. Azərbaycan öncə türk dünyasının, sonra ümumilikdə dünyanın birliyinə xidmət edən təşəbbüslərlə çıxış etdi və onu reallığa çevirdi. Türk Dövlətləri Şurasının, Qoşulmama Hərəkatının koronovirus infeksiyası ilə bağlı Zirvə Görüşləri keçirildi. Qlobal problemlərin həllində birliyin, həmrəyliyin vacibliyi vurğulandı. Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi COP29 tədbiri də mühüm məqamlıara işıq saldı. Ölkəmiz bir daha çoxtərəfliliyin tərəfdarı olduğunu nümayiş etdirdi. COP29 uğurlu nəticələri ilə conrakı COP-lara geniş imkanlar, üfüqlər açdı. Bütün bunların hamısı Azərbaycanın ədalətli mövqeyinin uğurlarıdır.

Azərbaycan 30 il ən yüksək tribunalardan ədalət, beynəlxalq hüquq çağırışını etdi. Bəzi dövlətlər bu çağırışları eşitməzdən gəldi, beynəlxalq hüququn mövcudluğunu belə şübhə altında qoydular. Təbii ki, maraqlar ədaləti, beynəlxalq hüququ üstələyəndə bu yanaşmaların olacağı heç kimdə təəccüb doğurmur. Dövlət başçısı İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibəsində də bu reallıqlara xüsusi diqqət yönəltmişdir. Bildirmişdir ki, biz elə bir vəziyyətlə üzləşirik ki, beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür. Buna görə strateji məqsədimiz milli maraqlar əsasında nəticələri əldə etməkdən ibarət idi və beynəlxalq hüquqa tam riayət edərək düzgün hesab etdiyimizi həyata keçirmək idi. Gördüyümüz hər bir iş - istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun idi. Beləliklə, beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu.

Ümumiləşdirilmiş şəkildə qeyd edə bilərik ki, Azərbaycan illərdir sülh istədi və bi istiqamətdə ardıcıl səylər göstərdi və buna nail oldu. Vaşinqton sülh razılaşması tariximizə Azərbaycanın sülh siyasətinin uğurlu nəticəsi kimi yazıldı. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması mərasimində bu mükafatın laureatlarını videomüraciət əsasında təbrik edən liderlər bir daha vurğuladılar ki, bu, sadəcə, siyasi və diplomatik addım deyil, Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edən həqiqətən də tarixi bir nailiyyətdir. Bu nailiyyət bir daha sübut edir ki, siyasi cəsarət səmimi iradə ilə birləşdikdə münaqişəni fürsətə, sülhü isə daimi seçimə çevirmək mümkündür.

Yeganə Əliyeva, “İki sahil”