02 fevral 2026 17:17
102

2 Fevral – Azərbaycan Gəncləri: Tarix, Məsuliyyət və Gələcək

Bəxtiyar İslamov,
YAP Gənclər Birliyinin sədri

Bu gün 2 fevral – Azərbaycan Gəncləri günüdür. Bu tarix təkcə təqvimdə yer alan rəsmi gün deyil – bu, dövlətin gənclərə verdiyi dəyərin, etimadın və böyük ümidlərin simvoludur.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan gənclər siyasəti hər zaman dövlətin prioritet istiqamətlərindən biri olmuşdur. Elə bunun nəticəsi idi ki, müstəqil dövlətin davamlı inkişafı üçün savadlı, vətənpərvər və yüksək mənəvi dəyərlərə sahib gənclərin formalaşdırılması Azərbaycanın gələcək inkişaf modelinin ideoloji əsaslarından birinə çevrildi.

Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildən etibarən 2 fevral tarixi Azərbaycan Gəncləri Günü elan edildi. Bu qərar Azərbaycanı dünyada gənclərə xüsusi gün həsr edən nadir ölkələrdən birinə çevirdi. Bu il isə həmin tarixi daha da xüsusi edən başqa bir məqam da var. 30 il öncə, məhz 2 fevral tarixində Ulu Öndərin iştirakı ilə Azərbaycan Gənclərinin I Forumu keçirildi. Otuz il – bir dövlət siyasəti üçün böyük zaman kəsiyidir və bu müddət ərzində Azərbaycan gəncliyi keyfiyyətcə yeni mərhələyə yüksəlib.

Bu siyasət Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi altında yeni inkişaf mərhələsinə qədəm qoydu və zənginləşdirildi. Qəbul edilən dövlət proqramları, gənclərin təhsili, məşğulluğu, innovativ fəaliyyəti, beynəlxalq proqramlarda iştirakı və liderlik bacarıqlarının inkişafı üçün yaradılan imkanlar göstərir ki, gənclər siyasəti dövlət strategiyasının ayrılmaz hissəsidir.

Bu gün Azərbaycan gəncləri təkcə ölkə daxilində deyil, beynəlxalq arenada da öz sözünü deyir. Elm, təhsil, texnologiya, idman, mədəniyyət və sahibkarlıq sahələrində gənclərimizin qazandığı uğurlar Azərbaycan gəncinin müasir simasının formalaşmasında mühüm rol oynayır. Xaricdə təhsil alan, beynəlxalq layihələrdə ölkəmizi təmsil edən, innovativ təşəbbüslərlə çıxış edən minlərlə azərbaycanlı gənc artıq qlobal düşüncəyə sahib milli kadrlar nəslini formalaşdırır.

Azərbaycan gəncliyinin tarixində ən şərəfli səhifələrdən biri isə 44 günlük Vətən müharibəsi ilə bağlıdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan gəncləri həm ön cəbhədə, həm də arxa cəbhədə misilsiz birlik və fədakarlıq nümayiş etdirdilər. Gənclərimizin böyük əksəriyyəti məhz o dövrdə dövlətinə, torpağına və milli dəyərlərinə bağlılığını əməli şəkildə sübut etdi. Bu, sadəcə hərbi qələbə deyildi – bu, həm də mənəvi gücün, milli ruhun və düzgün formalaşmış gənclər siyasətinin nəticəsi idi.

Müasir Azərbaycan gənci bilik və dəyər vəhdətini özündə birləşdirən bir nümunədir. O, həm müasir texnologiyaları bilən, xarici dillərdə sərbəst danışan, qlobal prosesləri anlayan bir fərddir, həm də milli-mənəvi köklərinə bağlı, dövlətçiliyinə sadiq, ailə və cəmiyyət dəyərlərini qoruyan vətəndaşdır. Bu Azərbaycan gənci modelinin əsas üstünlüklərindən biridir.

Bu gün qarşıda duran əsas vəzifə də məhz bu balansın qorunmasıdır. Qloballaşan dünyada informasiya axınının sürətlə artdığı bir dövrdə gənclərin milli kimliyini, tarixi yaddaşını və vətənpərvərlik ruhunu qorumaq xüsusi əhəmiyyət daşıyır. Bu prosesdə dövlətin yaratdığı imkanlar qədər, gənclərin şəxsi məsuliyyəti də böyükdür.

Bugünkü Azərbaycan gəncliyi gələcəyin olduğu qədər, bu günün də aparıcı qüvvəsidir. Dövlət idarəçiliyində, ictimai həyatda, könüllülük hərəkatlarında, startap və innovasiya ekosistemində gənclərin artan fəallığı ölkənin dinamik inkişafının əsas hərəkətverici amillərindən birinə çevrilib. Gənclərin ideyalarına açıq mühitin formalaşdırılması, onların təşəbbüslərinin dəstəklənməsi və qərarvermə proseslərində iştirak imkanlarının genişlənməsi Azərbaycanın davamlı inkişaf modelinin mühüm sütunlarındandır.

Eyni zamanda, müasir çağırışlar gənclər qarşısında yeni məsuliyyətlər də yaradır. Rəqəmsallaşma, süni intellekt, qlobal rəqabət və informasiya təhlükəsizliyi kimi sahələrdə bilik və bacarıqların artırılması artıq seçim deyil, zərurətdir. Azərbaycan gənci həm milli kimliyini qoruyub saxlamalı, həm də dünyada gedən sürətli dəyişikliklərə uyğunlaşaraq ölkəsini beynəlxalq miqyasda layiqincə təmsil etməlidir. Bu isə yalnız güclü təhsil, davamlı özünüinkişaf və sağlam vətəndaş mövqeyi ilə mümkündür.

Bu mənada gənclər günü sadəcə təbrik və bayram günü deyil, həm də hesabat və öhdəlik günüdür. Ötən 30 ildə görülən işlər qürurverici olduğu kimi, qarşıda duran vəzifələr də böyükdür. Azərbaycan gənci bu vəzifələrin öhdəsindən gələcək potensiala, iradəyə və dövlət dəstəyinə malikdir.