02 fevral 2026 16:12
144

Azərbaycan gəncliyi bundan sonra da yeni nailiyyətlərə imza atacaqdır

2 fevral –Gənclər Günü xalqımızın gələcəyinə və dövlətimizin sabahına böyük ümid bəslənən gənclərimizə göstərilən yüksək diqqət və qayğının rəmzidir. Bu əlamətdar gün gəncliyin ölkənin ictimai-siyasi və sosial-iqtisadi inkişafında aparıcı qüvvə kimi dəyərləndirildiyini bir daha nümayiş etdirir. 1996-cı ildə keçirilən Azərbaycan gənclərinin ilk forumu gənclər hərəkatının formalaşmasında mühüm dönüş nöqtəsi olmuş, onun məntiqi davamı kimi Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə 2 fevralın Gənclər Günü elan edilməsi gənclərə göstərilən böyük etimadın bariz ifadəsinə çevrilmişdir. Ulu Öndərin rəhbərliyi dövründə gənclər siyasəti prioritet istiqamət kimi müəyyənləşdirilərək savadlı, dövlətçilik düşüncəli və vətənpərvər gənc nəslin yetişdirilməsinə xüsusi önəm verilmişdir.

Bu uğurlu xətt bu gün də möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Dövlətimizin gənclər siyasəti müasir tələblərə uyğun təkmilləşdirilir, gənclərin imkanlarının genişlənməsi üçün yeni mexanizmlər formalaşdırılır. Gənclərin ictimai fəallığını və təşəbbüslərini dəstəkləyən proqram və layihələr dövlətin gənc nəslə verdiyi yüksək dəyərin bariz göstəricisidir.

Nəticə etibarilə, Azərbaycan bu gün həm milli dəyərlərə sadiq, həm də müasir dünyanın çağırışlarına uyğun düşünən güclü gəncliyə sahibdir. 44 günlük Vətən müharibəsində gənclərimizin göstərdiyi qəhrəmanlıq və sarsılmaz iradə bir daha sübut etdi ki, gənclərimiz dövlətimizin ən möhkəm dayağıdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan şanlı Qələbədə onların xüsusi payı var və bu gün biz gənclərimizlə böyük qürur duyuruq.

Bu gün gənclərimizin qarşısında daha geniş üfüqlər və məsuliyyətli hədəflər dayanır. Təhsilindən və peşəsindən asılı olmayaraq hər bir gəncin əsas məqsədi bilikli, təşəbbüskar, qanunlara hörmət edən, milli kimliyinə bağlı, dövlətinə və xalqına sədaqətli layiqli vətəndaş kimi formalaşmaq olmalıdır. Əminik ki, dövlətin göstərdiyi etimad və dəstəyə layiq şəkildə Azərbaycan gəncliyi bundan sonra da ölkəmizin inkişafında aparıcı rol oynayacaq, milli maraqlarımızı daim uca tutaraq yeni nailiyyətlərə imza atacaqdır.

Əziz gənclər, bayramınız mübarək!

Səbinə Xasayeva,

Milli Məclisin deputatı