01 fevral 2026 12:02
100

İran Avropa ölkələrinin ordularını terror təşkilatlarının siyahısına daxil edib

İran Avropa İttifaqı (Aİ) ölkələrinin silahlı qüvvələrini İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı oxşar tədbirin cavabı olaraq terror təşkilatlarının siyahısına daxil edib.

“İki sahil” xəbər verir ki, bu barədə İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bağır Qalibaf bəyan edib.

""Əks Tədbirlər Qanunu"nun 7-ci bəndinə əsasən, İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı kimi təyin edilməsinə cavab olaraq, Avropa ölkələrinin orduları terrorçu qruplar hesab olunur və bu addımın nəticələri Avropa İttifaqının üzərinə düşəcək", Qalibaf qeyd edib.

Qeyd edək ki, yanvarın 29-da, Aİ SEPAH-ı terror təşkilatları siyahısına daxil edib. Həmçinin Aİ 15 İran məmuruna qarşı sanksiyaların tətbiq edilməsi və İrana ikili təyinatlı məhsulların, o cümlədən raket və pilotsuz uçuş aparatlarının istehsalı üçün komponentlərin tədarükünə ixrac məhdudiyyətlərinin genişləndirilməsi barədə elan edib.