30 yanvar 2026 18:04
125

Mərkəzi Bank və Çinin ödəniş sistemi arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) və Çinin "UnionPay" ödəniş sistemi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

“İki sahil” bu barədə AMB-yə istinadla xəbər verir.

Məlumata görə, Mərkəzi Bank sədrinin müavini Vüsal Xəlilov və Çinin "UnionPay" ödəniş sisteminin sədri Van Lisin arasında videokonfrans formatında görüş keçirilib.

Görüşdə tərəflər arasında ödəniş kartlarının emissiyası və QR kod texnologiyalarının qarşılıqlı əlaqəliliyinin gücləndirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti müzakirə olunub. Görüşün yekununda tərəflər əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.

Beləliklə, Memorandum Mərkəzi Bank ilə "UnionPay" arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasına, əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, eyni zamanda "UnionPay" kartlarının emissiyası və emalı, çarpaz pul köçürmə sistemlərinin inteqrasiyası, QR və token texnologiyalarının tətbiqi sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə töhfə verəcək.

Anlaşma Memorandumu çərçivəsində nağdsız ödənişlərin inkişafı istiqamətində təşəbbüslərin həyata keçirilməsi, yerli kart sahiblərinə daha sabit, təhlükəsiz və rahat kart təcrübəsinin, kart əsaslı məhsul və xidmətlərin, yeni innovativ məhsulların təqdim edilməsi, nağdsız iqtisadiyyata keçidi təmin edəcək texniki arxitektura və mexanizmlərin müəyyənləşdirilməsi nəzərdə tutulur.